Del Boskenin fikri-zikri Türkiyədədir
07.01.2009 - 17:59
Del Boskenin fikri-zikri Türkiyədədir
“İnanıram ki, dünya çempionatının seçmə qrup mərhələsində birinci yeri tutaraq, bu yarışa birbaşa vəsiqə qazanacağıq. Ancaq indi məni hər şeydən çox Türkiyə yığmasına qarşı keçirəcəyimiz oyunlar düşündürür”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya milli komandasının baş məşqçisi Visente del Boske deyib.

59 yaşlı çalışdırıcı dünya çempionatının qrup mərhələsi çərçivəsində martın 28-də və aprelin 1-də türklərlə baş tutacaq hər 2 matça böyük önəm verdiyini gizlətməyib: “Təbii ki, fevralın 11-də İngiltərə ilə yoldaşlıq görüşündə qalib gəlmək istəyirik. Bununla yanaşı, əsas diqqəti türklərlə oyunlara yönəltmişik. Çünki bu qarşılaşmaların nəticələri qrupdakı sıralamaya çox təsir göstərəcək. Əslində, hər şey qaydasındadır. Sadəcə, işimizi çətinləşdirməməliyik”.

Qeyd edək ki, 4 turdan sonra ispaniyalılar maksimum göstərici ilə, 12 xalla qrupda vahid liderdirlər. Fatih Terimin rəhbərlik etdiyi “ay-ulduzlular” isə 8 xalla 2-ci pillədə qərarlaşıblar.
0