“Neftçi”nin daha bir sabiq futbolçusu “Kocaelispor”da! - FOTO
12.01.2009 - 15:50
“Neftçi”nin daha bir sabiq futbolçusu “Kocaelispor”da! - FOTO
“Bakı”nın yarımmüdafiəçisi Ramal Hüseynovun “Adanaspor” klubuna keçidi baş tutmayıb. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, 25 yaşlı futbolçunun “Girəsunspor”la olduğu kimi, “Adanaspor”a da transferi maliyyə məsələləri ucbatından reallaşmayıb: “Problem yenə pulla bağlı oldu. Türkiyədə futbolçuya müqaviləyə görə pulun 66 faizinə alacağına zəmanət var. Qalanı oyun sayından asılıdır. Azərbaycanda bu baxımdan vəziyyət fərqlidir. Futbolçular müqavilədə nəzərdə tutulan pulun, misal üçün 100 min dolların hamısını alırlar”.

Afşar Hüseynovun Türkiyə Superliqasında çıxış etməyə çalışdığını bildirib: “İndi Ramal “Kocaelispor”la danışıqlar aparır. O, artıq bu komandanın hazırlığına qatılıb. Məlum olduğu kimi, Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov da oradadır”.

Qeyd edək ki, Rəşadla Ramal ötən mövsüm “Neftçi”də bir yerdə çıxış edib. Komandamızın ilk dövrədə sıralarında olan, sonradan kənarlaşdırılan Levent Kartop da “Kocaelispor”un düşərgəsində yer alıb.
0