Statistika: “Xəzər-Lənkəran” “Bakı” üçün rəqib deyil
26.02.2009 - 12:32
Statistika: “Xəzər-Lənkəran” “Bakı” üçün rəqib deyil
“Xəzər-Lənkəran” üçün ən arzuolunmaz qonaq komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun ilk ¼ final matçında Lənkəranda minimal hesabla qalib gələn “Bakı” cənubluların qəniminə çevrilir. “Xəzər-Lənkəran”la səfər oyunlarında özünü qonaq kimi aparmayan bakılılar rəqib meydanında üçüncü dəfə qalib gəlməklə, rekorda imza atıb.

2004-cü ildə yaranan “Xəzər-Lənkəran” 5 illik tarixi ərzində ev komandası kimi güclü olduğunu sübut edib. Onlar həm 2004/05, həm də 2006/07 mövsümlərində öz meydanında heç vaxt uduzmayıblar. Ümumilikdə, yarandığı gündən doğma divarlar arasında 80 matç keçirən lənkəranlılar 10-cu məğlubiyyətini alıblar. Bu yenilgilərdən ikisi avrokubok matçlarına təsadüf edib. Azərbaycan komandaları ilə isə 77 ev oyunundan cəmi 8-də qonaqlar qalib gəlib.

Avrokubok məğlubiyyətlərini Bakıda alan “Xəzər-Lənkəran” daxili miqyasda ilk iki uğursuzluğunu Cəlilabadda, “Neftçi” ilə görüşləri Lənkəran Olimpiya İdman Kompleksinin stadionunda yaşayıb. Lənkəran şəhər stadionunda isə cənublular dördüncü dəfə uduzdu.
“Neftçi” 2, “İnter”, “Qarabağ”, “Şahdağ-Samur” hərəyə bir dəfə səfər qələbəsinə sevinibsə, “Bakı” hamıdan çox - 6 səfər matçının yarısında Lənkəranı fəth edə bilib.

Bu oyunların birincisində, “Xəzər-Lənkəran”ın ev oyunlarını keçirdiyi Cəlilabadda 3 xal qazanan bakılılar rəqibinin tarixinə düşüb. Belə ki, “zolaqlılar” “Xəzər-Lənkəran”ı səfərdə üstələyən ilk Azərbaycan komandası kimi tarixə düşüb.

“Bakı”nın üç il sonraya təsadüf edən ikinci səfər qələbəsi də əlamətdar olub. Belə ki, Lənkəran mərkəzi stadionunu qələbə ilə tərk edən ilk komanda adını qazanan bakılılar ölkə kubokunda bunu bacaran birinci komanda oldu. Ümumiyyətlə, kubok matçlarında yalnız “Bakı” rəqib meydanında “Xəzər-Lənkəran”a qalib gəlib. Onların həm kubokda, həm də şəhərin əsas stadionunda buna iki dəfə imza atması da rekorddur.

“Xəzər-Lənkəran”ın daxili miqyasda ev məğlubiyyətləri

Çempionat


22.08.2005 “Bakı” 0:1
17.09.2005 “Şahdağ-Samur” 1:2
18.12.2005 “Neftçi” 0:1
10.11.2007 “Neftçi” 0:1
09.11.2008 “İnter” 2:4
23.11.2008 “Qarabağ” 1:3

Kubok

04.03.2008 “Bakı” 0:1
25.02.2009 “Bakı” 0:1
0