İqor Ponomaryov: “Bakı” səddini keçmək çətin olacaq
10.03.2009 - 14:08
İqor Ponomaryov: “Bakı” səddini keçmək çətin olacaq
“Bakı”nın bizimlə cavab görüşü öncəsi üstünlüyü var. Həm səfərdə qələbə qazanıb, həm də təkrar matçı öz meydanında keçirəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov deyib.

Lənkəran təmsilçisi Azərbaycan kubokunun 1/4 final mərhələsində “Bakı” klubuna evdə uduzmaqla (0:1) yarımfinala çıxmaq şansını azaldıb. Təsadüfi deyil ki, elə Ponomaryov da “Bakı” səddini aşmağın çətin olacağını etiraf edir: “Bakı” hazırda Azərbaycanın ən güclü klublarından biridir. Bu komanda əbəs yerə turnir cədvəlinə başçılıq etmir. Hesab edirəm ki, liderliyə layiqdir. Komandanın ikinci dövrədə xeyli gücləndiyi birmənalıdır. Öz oyun üslubu, seçdiyi taktika ilə lazım olan xalları əldə edib. Yaxşı müdafiə olunan rəqibimiz lazımı anda kəsərli hücumları ilə qol vurur. İlk oyundakı nəticəni və cavab görüşünü rəqib meydanında keçirəcəyimizi nəzərə alsaq, şansların bərabər olduğunu demək çətindir. Bir şeyi deyə bilərəm ki, “Bakı” bizi öz meydanımızda məğlub edə bilirsə, niyə biz də buna Bakıda nail olmayaq? Necə deyərlər, indi səfərdə qələbə qazanmaq növbəsi “Xəzər Lənkəran”ındır. Biz meydana çıxıb, sona qədər döyüşəcəyik. Nəticənin necə olacağını isə oyun göstərəcək”.

Son iki mövsümdə ölkə kubokunu qazanan “Xəzər Lənkəran” titulunu itirmək təhlükəsi ilə üz-üzə qalıb. Hər halda, Ponomaryovun komandasına ikinci dövrədə qələbələri sıralayan, qapısının toxunulmazlığını qoruyan “Bakı” ilə sabahkı oyunda lazım olan nəticəni əldə etmək heç də asan olmayacaq. 49 yaşlı çalışdırıcısı cavab görüşündə hücumçulardan çox şey gözləyir: “Yarımfinala çıxmaq istəyiriksə, mütləq qol vurmaq lazımdır. Komandamızda səviyyəli hücumçular var ki, bunlardan İvan Svetkov elə rəqib futbolçu Amiran Muciri ilə birgə Premyer Liqamda bombardirlər yarışında şərikli liderdir. Son turda istirahət verdiyimiz Svetkova böyük ümidlər bəsləyirik. “Bakı” etibarlı müdafiəçisi, qapıçıları ilə seçilir. Svetkov da bizim üçün vacib olan qolu vurmaqla, təsadüfən Azərbaycan çempionatının bombardiri olduğunu təsdiqləməlidir. İvanı son turda əvəzləmiş rumın Klaudiu Radukanunun son turda qol vurması sevindirici haldır. Bu, komandamızda rəqabəti artırır və heyətdə olan bütün futbolçulara şans vermək lazımdır. “Xəzər Lənkəran” son iki mövsümdə ölkə kubokunun sahibidir və bu marafonu davam etdirməyə çalışacağıq”.
0