Çempionlar Liqasının finalına 10 azərbaycanlı bilet alıb
22.05.2009 - 13:48
Çempionlar Liqasının finalına 10 azərbaycanlı bilet alıb
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- Mayın 20-də İstanbulun “Şükrü Saracoğlu” stadionunda UEFA kubokunun final matçını izləmisiniz. Bu oyunla bağlı təəssüratlarınızı öyrənmək istərdik.
- Yarış UEFA kuboku adı altında sonuncu dəfə keçirilirdi. Bildiyiniz kimi, gələn mövsümdən UEFA kuboku Avroliqa adlanacaq. Buna görə də turnirin finalı da tarixi matç sayılırdı. “Fənərbaxça”nın stadionu oyun üçün çox yaxşı hazırlanmışdı. Arenada yüksək səviyyədə hazırlıq işləri aparılmışdı. Qarşılaşmaya gəlincə, “Şaxtyor” qələbəyə layiq idi. Çünki ukraynalılar daha fəal nəzərə çarpırdılar. Son nəticə də ədalətli oldu.


- Oyun ərəfəsində UEFA-nın, yaxud Türkiyə Futbol Federasiyasının rəsmiləri ilə görüşünüz oldumu?
- Ancaq qeyri-rəsmi görüşlər keçirdim.

- Yəqin ki, Türkiyə Futbol Federasiyasının nümayəndələri ilə qarşıdakı yoldaşlıq görüşü barədə müzakirə aparmısınız?
- Bəli. Türkiyə - Azərbaycan oyununa hazırlıq gedir. Bu günlərdə matçın biletləri çap olunacaq və satışa çıxarılacaq.

- Biletlər neçəyə satılacaq?
- Biletlərin qiymətləri müxtəlifdir. Orta qiymət 15-20 avroya bərabərdir. Gördüyünüz kimi, biz biletləri türklərdən daha ucuz satırıq. Lakin onlarda stadion dolduğu halda, bizdə belə hal yaşanmır. Ancaq inanıram ki, rəqibdən asılı olmayaraq, bizim stadionlara da azarkeş axını olacaq. Məsələn, iyunun 6-da Bakıda dünya çempionatının seçmə mərhələsində Uelsə qarşı keçirəcəyimiz oyuna böyük maraq var. Bu məqam bizi çox sevindirir.

- Uelslə görüşə indiyədək neçə bilet satılıb?
- Qarşılaşmaya iki həftə qalmasına baxmayaraq, azarkeşlər artıq 6 minə yaxın bilet alıblar.

- Yeri gəlmişkən, Uels yığmasının üzvləri Bakıya gəlmək üçün viza ala bilmirdilər. Hazırda bu istiqamətdə işlər nə yerdədir?
- Uelslilərə bu gün viza verilməlidir. Bununla bağlı Uels Futbol Assosiasiyasından e-mail almışdıq. Onlar Azərbaycanın Londondakı səfirliyinə bu gün növbəti dəfə müraciət edəcəklər. Artıq səfirlikdə uelslilərin sənədlərinə baxılıb. Fikrimcə, bu məsələ bu gün müsbət sonluqla yekunlaşacaq.

- Elxan müəllim, son bir həftədə Türkiyə futbolunda xoşagəlməz hallar baş verir. Öncə baş məşqçi Fatih Terimin barmağı qopdu, ardından federasiya prezidenti Mahmut Özgener avtomobil qəzasına düşdü. İndi də qurumun iki rəsmisi, o cümlədən baş katib Mətin Kazancıoğlu istefa verib. Bizimlə oyun ərəfəsində yaşanan bu uğursuzluqlar nə ilə bağlı ola bilər?
- Düzü, istefalardan xəbərsizəm. Mətin bəyin istefasına hətta inanmağım belə gəlmir. Biz qarşıdakı oyunla bağlı əsasən onunla əlaqə saxlayardıq. Vitse-prezident Lütfi Arıboğanla da danışırdıq. Lakin Mətin bəylə telefon danışıqlarımız daha tez-tez olurdu. Mən İstanbulda da fikir verdim ki, o, hazırlıq işlərində çox fəal iştirak edirdi. Açığı, bu istefa mənim üçün gözlənilməz oldu.

- Mayın 27-də Romada keçiriləcək Çempionlar Liqasının finalında da AFFA-nı siz təmsil edəcəksiniz?
- Bunu bilmirəm. AFFA rəhbərliyinə UEFA-dan dəvətnamə gəlib. Assosiasiyadan finala konkret kimin gedəcəyi barədə gələn həftənin birinci günü mətbuata məlumat veriləcək.

- Bəs Azərbaycandan finala neçə azarkeş yollanacaq?
- Final matçını izləmək üçün Romaya 10 azarkeş gedəcək. UEFA tərəfindən ölkəmizə məhz bu qədər bilet ayrılmışdı. Öz növbəsində AFFA biletlərin satışını təşkil etdi. Finala baxmaq istəyənlər bizə müraciət edərək, biletlərə sahib çıxdılar. Hər biletin qiyməti təxminən 200 avrodur.
0