Gedenin qovduğu futbolçu yenidən “Neftçi”də
22.05.2009 - 16:18
Gedenin qovduğu futbolçu yenidən “Neftçi”də
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov Zaqatalanın “Simurq” klubu ilə yollarını ayırıb. Apasport.az saytının klubun rəsmi İnternet saytına istinadən məlumatına görə, 29 yaşlı futbolçu komandanın ukraynalı baş məşqçisi Roman Pokoraya daha lazım olmayıb.

Təcrübəli mütəxəssis Çertoqanovla yeni müqavilə imzalanmasına razılıq verməyib. Bu ilin fevralında “Neftçi”dən icarəyə götürülmüş Aleksandrın “Simurq”la anlaşmasının müddəti mayın 30-da bitir. Bu isə o deməkdir ki, Çertoqanov 8 gündən sonra müqavilə ilə məxsus olduğu “Neftçi”yə qayıdacaq. Onun flaqmanla hələ iki illik müqaviləsi var.

Çertoqanov son iki mövsümdə Azərbaycan Premyer Liqasının bürünc medalını qazanıb. O, ötən il “Neftçi”, bu dəfə isə “Simurq”la mükafat qazanıb.

Xatırladaq ki, təcrübəli yarımmüdafiəçi ötən ilin payızında “Neftçi”nin o vaxtkı baş məşqçisi Hans-Yurgen Gedenin apardığı islahatların “qurban”ı olub. Həmin dövrdə Gede Çertoqanovla yanaşı, daha 6 futbolçunu – Rəşad Sadıqov, Georgi Adamiya, Ruslan Abbasov, Rəşad Sadiqov, Elnur Allahverdiyev və Levent Kartopu komandadan qovmuşdu.
0