Tələbə, tələbə, tələbə...
08.07.2009 - 10:37
Tələbə, tələbə, tələbə...
Serbiyanın paytaxtı Belqradda keçirilən 25-ci Universiadada Azərbaycan yığmasının uğursuzluğu davam edir. Apasport.az saytının məlumatına görə, yarışa qatılan 16 tələbə idmançımızdan 12-i çıxışını başa vursa da, hələlik ölkəmizə medal qazandıran yoxdur. Bu məqamda tələbələr haqqında məşhur mahnı yada düşür: “Sızlar yada düşəndə ürəyimin telləri, O mehriban, o əziz tələbəlik illəri, Tələbə, tələbə, tələbə...”

Həqiqətən də bizim tələbələr Belqradda zəif təsir bağışlayırlar. Xüsusilə 11 taekvondoçumuzun fəxri kürsüyə həsrət qalması təəssüfləndirici haldır. Dünən isə cüdoçu Elmar Qasımov medal hesabımızı aça bilərdi. Di gəl ki, o, bürünc medal qazanmaq şansını boşa verdi.

Ümidimiz isə qalan 4 idmançıyadır: cüdoçular Sərxan Əhmədov (66 kq), Ramin Qurbanov (81 kq), atletlər Ramil Quliyev (200 m məsafəyə qaçış) və Leyla Paşayeva (üçtəkanla uzunluğa tullanma). Hər halda, indiyədək medal qazanmış 36 ölkə arasında Azərbaycanın adının olmaması utandırıcıdır. Məhz bu boşluğu aradan qaldırmaq lazımdır.

Universiada 15 növ üzrə keçirilir. Ölkəmiz yalnız 3 növdə - taekvondo, cüdo və atletikada təmsil olunur. 140 dövlətdən 9 minə yaxın idmançının qatıldığı yarış iyulun 12-də yekunlaşacaq.
0