Yığmamızın almaniyalı baş məşqçisi coşdu - MÜSAHİBƏ
09.07.2009 - 13:49
Yığmamızın almaniyalı baş məşqçisi coşdu - MÜSAHİBƏ
Azərbaycanın 19 və 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Bernard Lippert “Futbol dünyası” qəzetinə müsahibə verib. Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı yığmalarımızın son 2 ayda keçirdiyi yoxlama oyunları barədə sualları cavablandırıb.

- Əvvəlcə, U-19-un Litvadakı toplanışı barədə fikirlərinizi bildirərdiniz.
- Komandada yaşla əlaqədar dəyişiklik edilib. U-17-nin əksər oyunçuları artıq bu yığmanın formasını geyinirlər. Uşaqların bir-birinə uyğunlaşması baxımından toplanışı yüksək qiymətləndirirəm. Litvada 2 yoxlama oyunu keçirdik. Əlbəttə, narazı qaldığım məqamlar da oldu.

- İki oyuna 6 top vuran yığma qapısından 4-nü buraxdı. Məhsuldarlıq yaxşı alınsa da, müdafiə xəttinin heç də yaxşı oynamadığını söyləmək olar. Bununla razılaşırsınızmı?
- Oyunda neçə qol vurmağımız rəqibin gücündən asılıdır. İki matça 6 top vurmağımızı şişirtməyə ehtiyac yoxdur. Çünki rəqibin müdafiə xətti çox zəif çıxış edib. Təbii ki, 4 top buraxmağımız heç də yaxşı hal deyil. Bu da hücuma çıxarkən geri dönməkdə çətinlik çəkməyimizlə bağlıdır. Deyərdim ki, uşaqlar 2 qol vurduqdan sonra arxayınlaşmışdılar. Digər xətlərdə yer alanlar müdafiəçilərə kömək etmirdilər.

- Litva ilə keçirilən ikinci oyunda komandamız 5:3 hesabı ilə qələbə qazandı. Ancaq siz nəticədən razı, futbolçulardan narazı qaldığınızı açıqladınız. Narazı qaldığınız məqamlar hansılar oldu?
- Əsas narazılığım müdafiə xətti ilə bağlı idi. Hesab 2:0 olduqdan sonra bizim uşaqlar oynamadılar. Bəxtimiz gətirdi ki, həmin vaxt 2:4 hesabı ilə məğlub olmadıq. Bundan başqa, müdafiə ilə yarımmüdafiə, yarımmüdafiə ilə isə hücum arasında böyük boşluqlar var idi. Hansı ki, futbolda bu olmamalıdır. Əksinə, onlar bir-birlərinə kömək etməlidirlər. Həm də komandada lider futbolçu yoxdur. Əgər belə futbolçumuz olsaydı, həmin anda oyunu öz üzərinə götürər, eyni zamanda futbolçuları mübarizə aparmağa səsləyərdi. Ancaq U-19-da hamı başını aşağı salıb sakit oynayır. Belə olan halda tez-tez səhvə yol verirlər.

- Komandada sizin lider gözündə gördüyünüz oyunçu varmı?
- Tək U-19-da yox, heç digər komandalarda da belə futbolçu yoxdur və ya çox azdır. Bu insanın xarakterindən asılıdır. Əgər belə oyunçu olsa, məşqçi kimi onun inkişaf etməsinə kömək edə bilərik. Ancaq onu yetişdirmək məşqçinin işi deyil. Yenə deyirəm, burada futbolçunun xarakterindən çox şey asılıdır.

- Əksər oyunlarda yığmalarımızın standart vəziyyətlər zamanı zəif olması danılmazdır. Elə Litva ilə oyunda da U-19 2 qolu standart vəziyyətdən sonra buraxdı. Necə düşünürsünüz, bu problem nə vaxta kimi davam edəcək?
- Əlbəttə, çox narazı qaldım. Bunun da başlıca səbəbi uşaqların düzgün məşq prosesi keçməmələridir. Yəni onlar fiziki planda axsadıqlarından, “ikinci mərtəbə”də lazımı oyun nümayiş etdirə bilmirlər. Həm də standart vəziyyət zamanı bayaq dediyim lider problemi ortaya çıxır. Gərək həmin vaxt meydanda kimsə oyunçuları düzgün bölüşdürsün. Məsələn, bizdə Cavidan adlı balacaboy oyunçu var idi. Cərimə zərbəsi zamanı rəqibin 197 santimetrlik futbolçusunu “bağlamağa” çalışırdı. Məşq prosesində bunun üzərində işləyirik. Belə vəziyyətdə kim harada duracağını bilir. Ancaq oyun zamanı özlərini itirirlər.

- Bu tip problemlər daha çox uşaq futbolundan qaynaqlanır. Bunun qarşısını almaq uçun klublarda çalışan uşaq məşqçiləri ilə söhbət etmisinizmi?
- C və B kateqoriyaları üzrə keçirilən seminarlar zamanı bu məsələlər barədə məşqçilərlə söhbətlər aparılır. Standart vəziyyətlər zamanı zəif olmağımız fiziki cəhətdən hazır olmamağımız və düzgün mövqe seçməməyimizlə bağlıdır. Heç kim deyə bilməz ki, bəstəboy futbolçu başla qol vura bilməz. Vura bilər. Məsələn, Almaniyada Karl Hayts Ridle adlı bəstəboy futbolçu karyerası ərzində başla 100-dən artıq qol vurub. Planımızda var ki, bu məşq prosesi ilə bağlı DVD yazdırıb, onu həm paytaxtda, həm də bölgələrdəki məşqçilərə paylayaq. Bu təcrübədən Almaniyada da istifadə olunub.

- Bayaq komandanın əsasını U-17-dən gələn uşaqların təşkil etdiyini dediniz. Onların hazırlığında necə, irəliləyiş varmı?
- Biz U-17 ilə elit raundda çıxış edəndə mövsümün sonları idi. Aradakı 2 ayda uşaqlar daha çox fərdi məşqlər ediblər. Fiziki baxımdan 1 addım öndəyik. Çünki köməkçi-məşqçi Yaşar Vahabzadə bir müddət əvvəl komandanı bir yerə yığıb, güclü fiziki hazırlıq keçib. Texniki və taktiki gedişlər üzərində isə Avstriyada keçirəcəyimiz təlim-məşq toplanışı zamanı işləyəcəyik.

- Bir qədər də U-21 haqqında danışaq. Komandanın keçirdiyi son 3 oyun haqqında hansı fikirdəsiniz?
- May və iyun aylarında 3 oyunda qüvvəmizi sınadıq və hamısında məğlub olduq. Bunun da səbəbləri var. Məğlub olsaq da, uşaqlardan tam narazı qalmadım. Əsas narazılığım hücum xəttində yer alan futbolçularla və qapıçımızla bağlıdır. Bütün oyunlara nəticəyə görə qiymət vermək düzgün olmaz. Özbəkistanla görüşdən razı qaldım. Həmin matçda taktiki cəhətdən U-21 yaxşı oynadı. Təəssüf ki, qol vura bilmədi. Türkiyə ilə qarşılaşmaya gəldikdə, 82-ci dəqiqəyə qədər hesab açılmamışdı. Sona yaxın qapımızdan 2 top buraxdıq. Uşaqlar pis oynamadılar. İngiltərə ilə matç haqqında isə onu deyə bilərəm ki, biz öz yaşıdlarımıza qarşı deyil, 2-3 yaş böyüklərlə oynadıq. Çünki onlar Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıqlarından, heyətlərindəki futbolçular 1989-cu il deyil, 1986-cı il təvəllüdlüdür. Bu, böyük fərqdir. Rəqibin heyətində yer alan oyunçuların əksəriyyəti İngiltərə Premyer Liqasında çıxış edir, Kriştianu Ronaldo kimi futbolçu ilə hər gün məşq edirlər. Ona görə də 60 dəqiqə rəqibə müqavimət göstərdik. Bundan sonra gücümüz tükəndi. Bir faktı qeyd edim ki, finalda İngiltərənin əsas heyət oyunçularından 3-ü cəzalı olduğundan iştirak etmirdi. Əgər həmin futbolçular oynasaydı, həlledici matç tamam başqa cür olacaqdı. Təsəvvür edin, U-21-in üzvlərindən 2-i istisna olmaqla, qalanları əvəzedici komandada forma geyinirlər. Bizim əvəzedicilərin çempionatı İngiltərədə 7-ci liqanın səviyyəsinə bərabərdir. Nəticəni özünüz çıxarın.

- Olmazdımı ki, İngiltərə ilə yox, bir qədər zəif rəqiblə qarşılaşaydınız?
- Oyun danışılanda, U-21-lə qarşılaşacağımız deyilmişdi. Ancaq onlar finala çıxdıqlarından heyət dəyişdirilməyib. Əvvəlcədən belə olacağını bilsəydik, öz həmyaşıdlarımızla görüşərdik.

- Yəqin ki, oyunları analiz etmisiniz. Hansı nəticələrə gəlmisiniz?
- Məşq prosesində hücumçularla xüsusi hazırlıq keçəcəyik. Fiziki hazırlıq üzərində də işləyəcəyik. Ehtiyac olsa, gündə 3 dəfə məşq keçəcəyik. Nəticələr mənfi olsa da, komandalar irəliyə doğru addım atır.

- Həm U-19, həm də U-21-lə bağlı növbəti planlar necədir?
- U-19 iyulun 16-dan 26-dək Avstriyada, avqustun 9-dan 16-dək isə Belarusda təlim-məşq toplanışı keçəcək. U-21-ə gəlincə, komanda avqustun 1-dən 8-dək Almaniyada, 8-dən 11-dək isə Lüksemburqda olacaq. Təbii ki, getdiyimiz ölkələrdə gündəlik məşqlərlə yanaşı, yoldaşlıq oyunlarında da gücümüzü sınayacağıq. Mən Lüksemburqla oyundan dərhal sonra Belarusa, U-19-un düşərgəsinə yollanacağam.

- Hər iki komandanın rəqibləri barədə necə, məlumat toplaya bilmisinizmi?
- U-21-in yer aldığı qrupda Şotlandiya, Avstriya və Belarus aşkar favoritdir. Ancaq biz sürprizlər etməyə çalışacağıq. Oyunumuzu izləyən azarkeşləri sevindirmək istəyirik.O ki qaldı U-19-a, qrup oyunları İsraildə keçiriləcək. Rəqiblərimiz Polşa, Danimarka və İsrail bizdən güclüdürlər. Yəni, Azərbaycan qrupun autsayderi hesab edilir. Buna baxmayaraq, biz yaxşı oyun göstərməyə çalışacağıq.
0