Boks üzrə dünya çempionunun meyiti tapıldı
13.07.2009 - 10:23
Boks üzrə dünya çempionunun meyiti tapıldı
Braziliyanın Pernambuku ştatındakı otel nömrəsindən 2007-ci ildə karyerasını başa vuran kanadalı peşəkar boksçu Arturo Qattinin meyidi tapılıb. Lent.az-ın məlumatına görə, bu haqda Braziliya polisindən məlumat verilib.

İBF (Beynəlxalq Boks Federasiyası) və WBC (Ümumdünya Boks Şurası) versiyaları üzrə sabiq dünya çempionu iyulun 10-da həyat yoldaşı və 1 yaşlı oğlu ilə birgə Braziliyanın Portu-de-Qalinyas kurortuna istirahətə gəlib. Ertəsi gün isə səhər çağı Qattinin cəsədi aşkarlanıb. Onun ölümünün səbəbləri hələ məlum deyil. Qattinin ölümünün təhqiqatı ilə Pernambuku polisi məşğul olur. Braziliyanın hüquq-mühafizə orqanları keçmiş dünya çempionunun ölümünün zorakılıq məqsədilə törədildiyini istisna etmir.

Ölümdə şübhəli şəxs qismində isə Qattinin həyat yoldaşı, 23 yaşlı Amanda Rodriges saxlanılıb. Buna Rodrigesin ifadələrindəki fikirlərin üst-üstə düşməməsi olub. Boksçunun xanımı dindirilərkən, bildirib ki, iyulun 10-da axşam vaxtı o, əri ilə ciddi mübahisə edib. Otelə qayıdarkən, idmançı sərxoş halda yatıb. Rodrigesin dediyinə görə, səhər saat 6-da oyanarkən, ərini çağırıb, lakin cavab almayıb. Qadın Qattinin yatdığını güman edib. 3 saat sonra Amanda Arturonun öldüyünü görüb.

Pernambuku ştatının polis idarəsindən verilən məlumata görə, boksçunun həyat yoldaşı bir otaqda əri ilə bu qədər vaxt keçirməsinə baxmayaraq, onun öldüyünü müəyyənləşdirə bilməməsinin səbəbinə tam aydınlıq gətirməyib. Qattinin boğulduğu güman olunur. Onun boğazında xarakterik əlamətlər, otaqdan isə üzərində qan izi olan qadın çantasının kəmərciyi tapılıb. Eyni zamanda Qattinin boynunun arxasında qeyri-müəyyən əşya ilə vurulmuş xəsarət aşkarlanıb. Boksçunun yaxın dostu Qatti və Rodrigesin son zamanlar tez-tez mübahisə etdiklərini və boşanmağa hazırlaşdıqlarını açıqlayıb. Artıq polis Amandaya qarşı rəsmi ittiham irəli sürməyə hazırlaşır.

Qeyd edək ki, italyan əsilli və “İldırım” ləqəbli Arturo Qatti karyerası ərzində orta yüngül və birinci orta çəkilərdə çempion kəmərlərinin sahibi olub. O, 35 yaşında ikən meksikalı Alfonso Qomes tərəfindən nokauta salındıqdan sonra boksla vidalaşıb.
0