Qyoko Hacıyevski: Kim deyir ki, cavab görüşü bizə asan olacaq?
20.07.2009 - 15:25
Qyoko Hacıyevski: Kim deyir ki, cavab görüşü bizə asan olacaq?
“Ekranas”la səfərdə etdiyimiz 2:2 hesabı qətiyyən arxayınlaşmağa əsas vermir. Kim deyir ki, evdəki görüş bizə asan olacaq? Fikrimcə, bizi litvalılarla yenə çətin sınaq gözləyir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Litvan çempionu “Ekranas”la sabah cavab görüşünə çıxacaq 54 yaşlı makedoniyalı mütəxəssis bildirib ki, sərfəli hesab yox, yalnız qələbəyə köklənib: “Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq. Maksimum gücümüzü ortaya qoyacağıq. Özümüzü ən yaxşı tərəfdən göstərmək fikrindəyik. Çempionlar Liqasında mərhələ adlamaq üçün böyük imkanlarımız var. Biz belə şansı əldən buraxmamalıyıq. Hər şey istədiyimiz kimi olarsa, “Ekranas”ı yüz faiz keçəcəyik. Buna nail olmağa gücümüz çatar. Heyətimizdə itkilər yoxdur. İlk görüşdə zədələnən Fabio Luis Ramimlə Bəxtiyar Soltanovun problemi artıq arxada qalıb. Onlar sabah oynaya biləcəklər. İlk qarşılaşmada müdafiədə yol verdiyimiz səhvləri təkrarlamamalıyıq. Rəqibə növbəti mərhələyə çıxmaq çün mütləq qol vurmaq lazım olduğundan, arxa xətdə diqqətli olmalıyıq”.

Səfərdəki matçın videoyazısını bir daha izləyən Hacıyevski narazı qaldığı məqamlara toxunub: “İlk oyunda futbolçularımıza qarşı o qədər kobudluq olub ki... Rəqib Fabionu dirsəyi ilə zərbə vurur və nəticəsində futbolçumuz oyunu davam etdirə bilmir və onu əvəzləməli oluruq. Ancaq isveçrəli baş hakim bu epizodda sarı vərəqə də göstərmir. Serbiyalı müdafiəçi Duşan Matoviç Bəxtiyar Soltanova qarşı aşkar kobudluğu birbaşa qırmızı vərəqəlik idi. Ancaq baş hakim yalnız sarı vərəqə göstərməklə kifayətlənməli olur. Qapımıza təyin edilən 11 metrlik cərimə zərbəsi gülməli idi. Bu, utancverici bir penalti idi. Bir sözlə, ilk oyunumuzda o qədər kobud hakim səhvləri oldu ki...”

“Ekranas”la cavab görüşündə ədalətli idarəçiliyə ümid edən “Bakı”nın çalışdırıcısı baş hakimin dəyişdirilməsindən xəbərdar olsa da, hadisələrin sonrakı axarı haqda məlumatsızdır: “Bizə dedilər ki, baş hakim belçikalı olmayacaq. Onu almaniyalı FİFA referisi ilə əvəzləyiblər. Bildiyimə görə, ötən il Azərbaycan Premyer Liqasında oyun idarə edib”.

Qeyd edək ki, UEFA “Bakı” – “Ekranas” görüşünün baş hakimi Serj Qyumennini zədələndiyi üçün almaniyalı hakimlə əvəzləsə də, sonradan belçikalı briqadanın Bakıya gələcəyi haqda AFFA-nı məlumatlandırıb.
0