Mihael Ballak Bakıya gəlmir!?
22.07.2009 - 10:33
Mihael Ballak Bakıya gəlmir!?
Almaniya yığmasının kapitanı Mihael Ballak Azərbaycanla 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində avqustun 12-də Bakıda keçiriləcək rəsmi oyunda iştirak etməyə bilər. Apasport.az saytının məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi çıxış etdiyi Londonun “Çelsi” klubu ilə ABŞ turnesinin qalan hissəsini zədə üzündən buraxacaq. Məşq zamanı ayaq barmağından xəsarət alan Ballak hərtərəfli tibbi müayinədən keçmək üçün Londona yollanmağa məcburdur. Ən bədbin proqnoza görə, Mihaelin barmağının sınması mümkündür və belə olan halda, o, yeni mövsümün əvvəlinə kimi bərpa olunmaya bilər. “Çelsi” yeni mövsümə avqustun 9-da “Mançester Yunayted”lə Superkubok oyunu ilə başlayacaq. Bundan 3 gün sonra Ballakı milli komandasının heyətində Bakıda sınaq gözləyir. Avqustun 15-də isə İngiltərə Premyer Liqasının startı veriləcək və “Çelsi” ilk turda “Hall Siti” ilə görüşəcək. Ballakın zədəsinin ciddi olması aşkara çıxarsa, bu üç vacib oyunu buraxmaq məcburiyyətində qalacaq.
0