Bu da bizim bayram: Söhbət sosiskadan getmir...
22.07.2009 - 11:48
Bu da bizim bayram: Söhbət sosiskadan getmir...
...Tez-tez bir misal çəkirəm: Azərbaycan idman jurnalistlərinin indiki vəziyyəti 8-10 il əvvəlki futbolçularımızın acınacaqlı durumunu xatırladır. Çünki əksər media nümayəndələri həmin dövrün futbolçuları kimi, bir qarın çörəyə işləyir. İdman jurnalistlərinin əksəriyyəti isə maddi problemlərin məngənəsində sıxılır, vəziyyətin nə vaxtsa yaxşıya doğru dəyişəcəyinə ümid edib, şirin xəyallara dalır.

Futbolçuları ona görə misal gətirdim ki, onların birdən-birə varlanmaları, bahalı maşınlara, villalara sahib çıxması prosesinin canlı şahidi olmuşuq. Azərbaycan futbolçuları üçün dövran qəflətən dəyişdi, əllərinə 100 min dollarlarla pul gəldi. Halbuki, 2003-cü ilədək onlar “pirojki” yeyib, meydana çıxırdılar, maddi problemlərdən qurtulmağın yollarını düşünürdülər. Məqsədim onun-bunun pulunu saymaq deyil. Qoy, layiqlilər daha çox pul qazansınlar, firavan yaşasınlar!

Bizdə qəribə bir paradoks var. Mərhum prezident Heydər Əliyev idmanın mahiyyəti barədə çox gözəl sözlər işlədib: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”. Belə müdrik sözləri eşidən hər kəs idmanın çəkisindən, nüfuzundan, kütləviliyindən agah olur. Lakin bizdə elələri var ki, jurnalistlərin idman sahəsinin təbliğatındakı rolunu, əməyini sadəcə, anlamaq qabiliyyətinə malik deyil. Onlar idman jurnalistlərinin əziyyətini ya görmürlər, ya da görə bilmirlər. Bəziləri düşünür ki, idman jurnalistikası çox asan peşədir və burada hətta savadsızlar da işləyə bilər. Bəziləri isə... Hərdən idmanımızda, futbolumuzda belələrini görəndə adamı dəhşət bürüyür. Təsəvvür edin, ölkənin tanınmış bir komandasının rəhbər şəxsi jurnalistə “mən lotuyam, gedin, hara istəyirsinizsə şikayət edin! “Duxunuz” çatırsa, mənim komandam (!) haqqında nəsə yazın!” - deyə hədə-qorxu gəlirsə, belə “dahi futbol adamına” nə ad verəsən?

22 iyul - Milli Mətbuat Gününün 134-cü ildönümü münasibətilə idmanla da bağlı bir sıra tədbirlər keçirildi. Startı Gənclər və İdman Nazirliyi verdi. Nazirliyin möhtəşəm tədbirindən sonra AFFA, Qılıncoynatma və Güləş Federasiyaları da analoji addımı atdı. Etiraf edək ki, indiyədək belə qələbəlik olmamışdı. Eyni vaxtda bir neçə federasiyanın mətbuat bayramını qeyd etməsini heç kim xatırlamır. Məsələn, ötən il yalnız AFFA və Cüdo Federasiyası jurnalistləri bir araya gətirmişdi. Bu il kəmiyyət də artıb, keyfiyyət də. İndi öz aramızda yarızarafat, yarıgerçək deyirik ki, mətbuat bayramına görə federasiyalar arasında rəqabət yaranıb: kim tədbiri birinci keçirəcək, kimin təşkilatçılığı daha yaxşı olacaq, kimin tədbirində daha çox əylənmək mümkün olacaq və s.?

Hə, söhbət sosiskadan getmir. Əsas diqqətdir. Azərbaycanda 85 federasiya fəaliyyət göstərir. Bunlardan cəmi 4-nün mətbuat gününü qeyd etməsi isə gülməlidir.

Üstəlik, Azərbaycan Premyer Liqasında oynayan 12 klub da özünü “ölü” kimi apardı. Sanki Milli Mətbuat Günü yoxdur. Guya klub rəsmilərimiz 3-5 manat xərcləyib, jurnalistləri bir araya toplaya bilməzdilər? Yenə deyirəm, söhbət sosiskadan getmir. Axır vaxtlar kiminsə acından ölməsini eşitməmişəm. Amma jurnalistləri lazımi gündə, lazımi yerdə təbrik etməyi hər bir etikalı şəxs özünə borc sayır. Etika isə deyəsən, Azərbaycan futbol klublarını tərk edib.

Şübhəsiz ki, ən orijinal təbriki “Bakı”dan aldıq. Litva “Ekranas“ını məğlub edib, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə çıxmaqla, Hafiz Məmmədovun prezidenti olduğu klub jurnalistləri ürəkdən sevindirdi. Buna görə təşəkkürlər, “Bakı”!

Jurnalistlərin əməyinə qiymət verən hər kəsə minnətdarıq! Özlərini eşitməməzliyə, görməməzliyə vuranlara və “lotu” sayanlara isə sözüm budur: vaxt gələcək, idman jurnalistikası da layiqli qiymətini alacaq. Bu dünyada heç nə əbədi deyil!

Bayramımız mübarək!

Aqşin ƏLİYEV
0