Bakı güləş üzrə Avropa çempionatını qəbul etməyə hazırdır!
21.09.2009 - 11:28
Bakı güləş üzrə Avropa çempionatını qəbul etməyə hazırdır!
Danimarkanın Herninq şəhərində Beynəlxalq Güləş Federasiyasının (FİLA) toplantısı keçirilib. Apasport.az saytının məlumatına görə, öncə toplantıda FİLA-nın qaydalara etdiyi yeni dəyişikliklər barədə müzakirələr aparılıb. Sonra 2010-cu ildə güləş üzrə beynəlxalq yarışların, çempionatların keçiriləcəyi ölkələrin hazırlığından bəhs edən təqdimatlar olub.

2010-cu ildə Bakıda keçiriləcək Avropa çempionatına hazırlıq barədə Azərbaycan Güləş Federasiyasının (AGF) Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov məlumat verib. Azərbaycanın bu cür mötəbər yarışa ev sahibliyi etməyə tam hazır olduğu bildirilmiş və Bakıda keçirilən yarışların FİLA tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb. AGF tərəfindən hazırlanmış “Azərbaycan” filminin təqdimatı olub.

Toplantı zamanı FİLA-nın və digər ölkələrin nümayəndə heyətlərinə ölkəmizin tarixi, mətbəxi, turizm, mədəniyyət və incəsənət haqqında, AGF-nin fəaliyyəti, pəhləvanlarımızın bu günə qədər qazandığı uğurlar barədə məlumatların yer aldığı kitabçalar, multimedia materialları paylanıb.

AzərTac
0