Juninyo Osvaldo: Azərbaycan yığmasından təklif alsam...
29.01.2010 - 13:41
Juninyo Osvaldo: Azərbaycan yığmasından təklif alsam...
“Xəzər-Lənkəran” klubunun braziliyalı futbolçusu Juninyo Osvaldonun apasport.az saytının Türkiyənin Antalya şəhərinə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Artıq iki il yarımdır Azərbaycanda oynayırsınız. Bu müddətdə nə qazanmısınız?
- Azərbaycanda oynamaq mənə çox şey verdi. Çoxlu dostlar qazandım, böyük təcrübə topladım. Amma təbii ki, hələ öyrənirəm. Azərbaycan mədəniyyəti, mentaliteti bizimkindən fərqlidir. Hər gün yeni bir şey öyrənirəm. Ölkənizdə oynamaq bunları mənə verdi.

- “Xəzər-Lənkəran”da oynamaq karyeranızda hansı izi buraxdı?
- Bunlar sözlə ifadə olunmayan xoş izlərdir. “Xəzər-Lənkəran”la müqaviləmin mayda bitməsinə baxmayaraq, hələ birgə çox addımlayacağımızı düşünürəm. Təbii ki, hələ qarşıda məqsədlər var və buna çatmaq üçün hələ bir yerdə mübarizə aparacağıq.

- Müqaviləniz bitəndən sonra “Xəzər-Lənkəran”da qalmaq istəyirsiniz, yoxsa keçmiş komanda yoldaşın, həmyerlin Denis Silvanın yolunu davam etdirmək fikrindəsiniz?
- Denisdən fərqli, mənim məqsədim karyeramı ölkədən kənarda davam etdirməkdir. Klubla danışıqlarımız davam etdiyindən hələlik bu haqda bir şey deyə bilmərəm. “Xəzər-Lənkəran”dakı gələcək taleyimi zaman göstərəcək. Hər şeyi zamanın öhdəsinə buraxmışam. Şəxsən mənə gəlincə, “Xəzər-Lənkəran”da qalmaq istəyərdim...

- İndiyədək bu komandada üç baş məşqçi – Ağasəlim Mircavadov, Rasim Kara və İqor Ponomaryovun rəhbərliyi altında oynamısınız. Mircavadovun onlardan fərqi nədir? “Xəzər-Lənkəran”ın məhz bu məşqçi ilə uğurlu çıxışının sirri nədədir?
- Təbii ki, onlar arasında fərq var. Hər üç məşqçidən çox şey öyrənmişəm. Ancaq sözsüz ki, mənim Azərbaycan futboluna daha çox uyğunlaşmağımda Mircavadovun rolu böyükdür. Mənə bu işlərdə daha çox kömək etdi. Futbolçuların baş məşqçinin inamına, dəstəyinə çox ehtiyacı olur. Mircavadovu bu yöndə fərqləndirərdim. O, oyunçularla danışmaq bacarığı ilə seçilir, onlara nə lazım olduğunu soruşur, bilir. “Xəzər-Lənkəran”da titullarımı Mircavadovun rəhbərliyi altında qazanmağıma gəlincə, deməli, nəsə var. O, həm də Azərbaycanın ən təcrübəli məşqçisidir. Bu da öz rolunu oynayır. Yəqin, Mircavadovda nəsə fərqləndirən cəhət var ki, “Xəzər-Lənkəran” bütün mükafatlarını onun rəhbərliyi altında qazanıb.

- “Xəzər-Lənkəran” ölkə kuboku qazansanız da, çempion olmamısınız...
- Yaxşı olar ki, “hələ olmayıb” deyərdiniz. Əgər biz burdayıqsa, deməli, çempionluq üçün gəlmişik. Məqsədimiz mümkün olan titulları qazanmaqdır. Biz bunun üçün çalışıb-vuruşuruq. Ən çətin rəqibə gəlincə, kimisə ayrıca qeyd edə bilmərəm. Məncə, ilk “altlığ”a daxil olan komandalar arasında çox gərgin və maraqlı mübarizə gedəcək. Orda bəzi xırda detallar, nüanslar çempionluğun taleyinə aydınlıq gətirəcək.

- Komandaya yeni gələndə çıxışınız daha çox diqqəti cəlb edirdi. Ancaq son vaxtlar daim əsas heyətdə yer almırsınız. Bunu zədə problemi ilə əlaqələndirirsiniz, yoxsa oyununuzda geriləmə var?
- Bu sual mənə son vaxtlar çox tez-tez verilir. Fasilə dövründə özüm üçün analiz apardım, fikirləşdim. Bura gəldiyim ilk dövrlərdə oynadığım videolara baxdım, arxada qalan dövrü müqayisə etdim. Şəxsi fikrim belədir ki, mən bu gün ilk gəldiyimdən daha yaxşı oynayıram, komanda üçün daha faydalıyam. Yəni oyunumu ilk illə müqayisədə daha da yaxşılaşdırmışam. Amma fərq orasındadır ki, ilk il gələndə 8 qol vurdum. Bu da dayaq yarımmüdafiəçisi mövqeyində oynayan futbolçu üçün çox yaxşı göstərici idi. Əsas fərq də indi nəsə qol vurmamağımın alınmamağındadır. Bu səbəbdən kimdəsə belə fikirlər yaranır. Yenə deyirəm ki, bu, mənim düşüncəmdir, öz fikrimdir. Bütün bu deyilənlərə baxmayaraq, özümə güvənirəm, inanıram və dayanmadan öz üzərimdə çalışıram. Ümid edirəm ki, yenə haqqımda müsbət fikirlər danışılacaq.

- Bir ara adınız milli komandamız ətrafında hallanırdı. Oynamaqla bağlı rəsmi təklif almısınız?
- Yox. Sadəcə, mətbuatda bununla bağlı yazını mənə tərcümə edib, demişdilər.

- Braziliya yığmasında oynamağınız real deyil. Bunu nəzərə alsaq, Azərbaycan milli komandasında oynamaq təklifi olsa, bunu qəbul edərsiniz?
- Bu səbəbdən nəsə deməyim bir az yaxşı çıxmaz. Əgər Azərbaycan oynamaq variantım olsa, bəlkə də düşünərəm. Amma ortada real olmayan bir şey haqda fikir bildirməyin məncə, yeri yoxdur.

- Vətənin Braziliyada Azərbaycan haqda nə fikirdədirlər?
- Təbii ki, biz orada Azərbaycan haqda danışırıq. Ancaq onlar da maraqlanırlar, Azərbaycan futbolu haqda məlumat əldə edirlər. Biz də deyirik ki, Azərbaycan çempionatının səviyyəsi ildən-ilə daha da artır. Futbolunuz çox sürətlə inkişaf edir. Sadəcə, yeganə çatışmazlıq yaxşı stadionlar, meydanların az olmağıdır. Əgər stadionlar tikilərsə, infrastruktura yaxşı olarsa, güclü futbolçuların ölkəyə axınına da təkan ola bilər. Bəlkə da stadionların bərbad vəziyyətdə olması çempionatın gözəgəlimliyini bir az azaldır.
0