“Xəzər-Lənkəran”la oyun mənim üçün prinsipial deyil”
26.04.2010 - 14:56
“Xəzər-Lənkəran”la oyun mənim üçün prinsipial deyil”
“Azərbaycan kuboku Avropaya açılan bir pəncərədir. Özü də bu turnir avrokuboklara ən qısa yoldur. Çempionatda buna imkanımız qalmadığından, ölkə kubokuna ciddi önəm veririk”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

Azərbaycan kubokunun yarımfinal mərhələsində ikinci “altılığ”ın yeganə iştirakçısı olan “təyyarəçiləri”i sabah öz meydanında “Xəzər-Lənkəran”la çətin sınaq gözləyir. Baş məşqçinin sözlərinə görə, avrokuboklara çıxmaq üçün futbolçuların motivasiyası üzərində xüsusi çalışırlar: “Futbolçularımızı “Xəzər-Lənkəran”la görüşdə qələbəyə kökləyirik. Düzdür, buna nail olmaq asan deyil. Çünki Lənkəran təmsilçisi hazırda çempionatın lideridir və bizi güclü rəqiblə çətin oyun gözləyir. Belə komanda ilə oyun hər bir futbolçu, habelə, özümüz üçün də bir sınaqdır. Çalışacağıq ki, azarkeşləri öz oyunumuzla sevindirək. Yaxşı oynayıb, qalib gəlmək istəyirik. Düzdür, bizim üçün oyundan daha çox nəticə vacibdir. Əlbəttə, kubokda öz meydanında qol buraxmamaq lazımdır. Hər şeyi sabahkı oyun göstərəcək”.

Süleymanov 2004-cü ilin yayında yaradılan “Xəzər-Lənkəran” klubunun ilk baş məşqçisi kimi tarixə düşüb. Komandanı iki müxtəlif vaxtda çalışdıran 45 yaşlı mütəxəssis keçmiş komandası ilə görüşü prinsipial saymır: “Xəzər-Lənkəran”la oyun mənim üçün prinsipial deyil. Ümumiyyətlə, mənim heç kimə qarşı prinsipiallığım yoxdur. Sadəcə, idman mübarizəsi var və 90 dəqiqədə bir-birimizə rəqibik. Meydanda xarakter, əzmkarlıq göstərib, rəqibi mübarizədə həmişə qabaqlamalıyıq. Təbii ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirmək də vacibdir”.
0