Lidiya Maksimenko: Nişanlımla internetdə tanış olmuşam
05.05.2010 - 15:45
Lidiya Maksimenko: Nişanlımla internetdə tanış olmuşam
Azərbaycan yığmasının voleybolçusu Lidiya Maksimenkonun apasport.az saytına müsahibəsi

- Ötən mövsüm “Azərreyl”i tərk edib, Türkiyəyə yollandınız. Lakin şərəfini qoruduğun İstanbulun “Yeşilyurt” klubu Super Liqada zəif çıxış etdiyindən, II diviziona düşdü. Buna nə səbəb oldu?
- Mən “Yeşilyurt”a gedərkən, komanda çox güclü idi. Bunun nəticəsi kimi çempionata da yaxşı başladıq. Lakin turlar ötdükcə, məğlubiyyətləri sıralamağa başladıq. Sözün həqiqi mənasında, qələbə qazanmaq bizim üçün arzuya çevrildi. Buna səbəb isə aparıcı voleybolçularımızın zədələnməsi oldu. Komandada zədə problemi pik nöqtəsinə çatdı və yekunda Super Liqaya əlvida dedik.

- Gələcək karyeranızı harada davam etdirmək istəyirsiniz. II divizionda oynayacaqsanmı?
- Artıq “Yeşilyurt”la müqaviləmin müddəti qurtarıb və bu komandaya qayıtmayacağam. Karyeramı Azərbaycanda davam etdirəcəyim mümkündür. Bir neçə klubdan ciddi təklif almışam. Lakin hansı komandada forma geyinəcəyimlə bağlı qərar verməyimdə zamana ehtiyac var. Təklifləri dəyərləndirib, ən yaxşısını seçəcəyəm.

- Yəqin ki, Bakıya gəlməyinizdə də əsas məqsəd budur.
- 2 gündür paytaxtdayam. Lakin buraya gəlməkdə məqsəd millinin təlim-məşq toplanışında iştirak etməkdir.

- Bu mövsüm Azərbaycan çempionatının gərgin keçdiyi barədə məlumatınız varmı?
- Təbii ki, Türkiyədə oynasam da, Azərbaycan çempionatı ilə maraqlanırdım. Komandaların hamısı güclü kollektivə malikdir. Klubların heyətində təcrübəli voleybolçular yer alıblar. Bu səbəbdən çempion heç də asan müəyyənləşmədi.

- Türkiyədə legioner həyatınızdan razı qaldınızmı?
- Uğursuz çıxış etsək də, mövsüm pis keçmədi. Klubda işlərim alınmasa da, şəxsi həyatım yeniliklərlə dolu oldu.

- Bəlkə sizi “Yeşilyurt”a çəkib aparan qüvvə olub?
- Tamamilə doğrudur. Bu mövsüm də karyeramı Azərbaycanda davam etdirəcəkdim. Lakin nişanlandım və nişanlım türk olduğu üçün Türkiyədə oynamağımı istədi. Mən də imtina etmədim. Milli komandanın baş məşqçisi Faiq Qarayevlə bu barədə danışdım. O da məni başa düşdü. Nəticədə “Azərreyl”dən “Yeşilyurta” transfer olundum.

- Nişanlınla harada tanış olmusunuz?
- İndi müasir dünyadır. Hər şey internetlə “həll olunur” (gülür). Mən də bu yolu seçdim və internet vasitəsilə tanış olduq. Müəyyən vaxt danışdıqdan sonra həmin oğlan Bakıya gəldi. Burada onunla ətraflı söhbət etdik. Məndən 3 yaş kiçik olsa da, bir çox fikirlərimiz üst-üstə düşdüyündən evlənməyə qərar verdik.

- Toyun vaxtını müəyyənləşib?
- Tezliklə. Nişanlımla bu şad günü iyulda keçirməyi planlaşdırmışıq.

- Sirr deyilsə, nişanlınız hansı peşənin sahibidir?
- Təbii ki, o da voleybolçudur. “Qalatasaray” klubunda forma geyinir.

- Toydan sonra karyeranızla bağlı problem olmayacaq ki?
- Nə demək istədiyinizi başa düşdüm. Yəni, məni son mövsüm Türkiyəyə aparan nişanlımın qısqanc olmasını fikirləşirsiniz. Lakin o da voleybolçu olduğu üçün məni yaxşı başa düşür. İnanmıram ki, karyeramla bağlı hansısa problem yaransın. Əksinə, o “Yeşilyurt”da bütün oyunlarımıza gəlirdi və həmişə mənə dəstək olurdu. Məncə, bu dəstək həmişə davam edəcək.
0