“Fənərbaxça”da yetişən futbolçumuz: “Xəzər-Lənkəran”da oynamağım mümkündür
02.06.2010 - 16:24
“Fənərbaxça”da yetişən futbolçumuz: “Xəzər-Lənkəran”da oynamağım mümkündür
Futbolumuza böyük paraların axdığı, klubların başdan-başa əcnəbilərə boyandığı bir vaxtda qarışıq hisslər arasında var-gəl etməli olursan. Top oyununa qoyulan sərmayələr bir tərəfdən sevindiricidirsə, digər yandan həmin paraların futbolumuzun inkişafına deyil, əcnəbilərin hesabına süni reklama sərf olunması düşünməyə əsas verir. Milli komandada da yadellilərin çoxluq təşkil etdiyi bir zamanda futbolumuzun sabahı qaranlıq görünür. Sanki indiki nəsli əvəz etməli olan gənclər, uşaqlar heç kimə lazım deyil, onların inkişafı kimsəni düşündürmür.

Doğrudur, son illər bu mənada istisnalar da var. Belə ki, bəzi klublarımız hansısa sıradan əcnəbiyə xərclənən pula böyük bir uşaq komandası saxlamağın mümkünlüyünü anlayıb. Elə buna görə də - istənilən səviyyədə olmasa belə - yavaş-yavaş uşaq futboluna da diqqət göstərilməsinə şahid oluruq. Bəlkə bundan sonra istedadlarımız Rusiyada, Ukraynada, Türkiyədə nicat axtarmadı. Yəqin ki, ölkə futboluna diqqət olduğu təqdirdə, artıq AFFA da xaricdə istedad axtarmayacaq, yığmaya elə ölkəmizdə yetişən gəncləri dəvət edəcək.

Hazırda futbolun sirlərini öyrənmək üçün uyğun məkan axtarıb tapan, daha yaxşı gələcək ümidi ilə qürbətdə yaşamaq məcburiyyətində qalan gənclərimizdən biri də Vurğun Fərəczadədi. Düzdü, o, ölkəni xeyli əvvəl tərk edib. Amma yəqin ki, o zaman bizdə vəziyyət yaxşı olsaydı, “Fənərbaxça”dan pənah gözləməyə dəyməzdi.

Vurğun 1993-cü il aprelin 5-də dünyaya gəlib. Bəlkə də Lənkəranda Arif həkimin ailəsində dünyaya göz açanda onun adını təsadüfi qoymayıblar. Onun vətənin, futbolun vurğunu olacağını bilirmişlər: “Futbola gəlişim də elə ad günümdə olub. Atamın əla hədiyyəsi idi. Məhz 2001-ci il aprelin 5-dən başlayaraq Çingiz Əzimovun qrupunda məşqlərə başladım. O, çox yaxşı insan və məşqçi idi. Biz bir sıra turnirlərə də gedib yaxşı nəticələr göstərdik. Təəssüf ki, qısa müddətdən sonra komandamız dağıldı və boş qaldım. Bununla belə, futbola olan marağım məni yeni axtarışa vadar etdi. Öncə qonşumuz Bəşir Əliyev yanına çağırdı. Daha sonra Bəhmən Həsənovun rəhbərliyi altında bir neçə il məşq etdim. Amma daha yaxşı futbolçu kimi yetişmək üçün ölkədən kənara üz tutmalı oldum. Atam Türkiyəyə getməyim üçün variantlar axtardı. Qohumumuz olan Xaliq müəllimin köməyi, “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovun təşəbbüsü sayəsində “Fənərbaxça”ya düşdüm”.

Vurğun artıq xeyli vaxtdır İstanbul klubunda çıxış edir. Amma Türkiyəyə gedənə kimi ölkədə də istedadını nümayiş etdirib. Elə buna görə yığma məşqçiləri də ona biganə qalmayıb: “Yığmalarda olmuşam. Alman məşqçilər ölkəmizə gələndə 15 yaşlılar arasında seçim olmuşdu. Ölkə üzrə 1000-ə yaxın komandanın içərisindən seçilən heyətə düşmüşdüm. Sonra 17 yaşlılar yığmasında oldum, bir sıra toplanışlara dəvət aldım. Almaniya toplanışından qayıdandan sonra isə “Fənərbaxça”ya getdim. Yığma məşqçiləri ilə razılaşdıq ki, klubda möhkəmlənmək üçün müvəqqəti olaraq məni yığmaya çağırmasınlar. Onlar bunu mənim İstanbul klubunda möhkəmlənməyim naminə etdilər”.

Amma hələ ki, qəhrəmanımızın işləri tam istədiyi kimi getmir. Türkiyədə aşağı yaş qrupundan olan komandalarda iki əcnəbinin forma geymək şansı var ki, bu da heyətində bir neçə əcnəbi olan “Fənər”də problem yaradır: “Bizdə məndən daha öncə gedən iki legioner var. Alman futbolçu artıq neçə vaxtdır İstanbulda olduğundan özünü sübut edib. Digər həmyerlimiz Mirkamil Həşimli də, demək olar, həmişə əsas heyətdə yer alır. Amma əvəzedici komandada hələ oynamamağım heç də rəqabətlə bağlı deyil. Normal şərtlərdə heyətdə özümə yer qazana bilərdim. Təəssüf ki, artıq məşqçilərin diqqətini çəkdiyim bir zamanda bəxtsizlik məni izləməyə başladı. Gedən kimi xəstələndim. Hətta ilk vaxtlar “donuz qripi” haqda söz-söhbət çıxdı. Əslində isə elə deyildi. Tezliklə sağalmağım da bunun sübutudur. Artıq formaya düşürdüm ki, çiynim çıxdı. Aprelin 14-də isə diz bağlarım qırıldı. “Fənər”in həkiminin verdiyi proqramla zədəmin bərpasıyla məşğulam. Artıq problem yekunlaşmaq üzrədir. Yeni mövsümə hazırlıq iyulda başlayır. Məşqçilərimiz də mənə güvənir. Yəqin ki, qarşıdakı mövsümdə hər şey uğurlu olacaq. Tezliklə əvəzedici komandada meydana çıxmaq və “Fənər” formasına layiq olduğumu sübut etmək istəyirəm”.

Fərəczadə artıq qürbət həyatına alışıb. Tez-tez xarici ölkələrdə toplanışda olduğundan, ailəsindən uzaq qaldığından bu baxımdan problem yaşamır: “Düzdü, bəzən adam darıxır. Amma fikrimi işimə yönəltmək istəyirəm. Bazada qalırıq, hər şeylə təmin olunmuşuq. Boş vaxtlarımız çox az olur. Olanda da daha çox əlavə məşqlər etməyə, zəif olduğum komponentləri gücləndirməyə çalışıram. Hərdən gəzməyə çıxırıq. Türkiyədə ölkəmizlə çox maraqlanırlar. Əsas mövzu da futbolla bağlı olur. Azərbaycana münasibətləri yaxşıdı. Məsələn, “Fənərbaxça”nın əvəzedici heyətinin kapitanlığına kimi yüksəlmiş İlqar Qurbanovu çox xatırlayırlar. Orada çox yaxşı günləri olub. İlqar hər fürsətdə yanıma gəlirdi. Rəşad Sadıqov da Türkiyədə oynayarkən İlqar kimi mənə baş çəkir, problemlərimlə maraqlanır, dəstək verirdi”.

Futbola başladığı ilk vaxtlarda hücumçu kimi çıxış edən, indi isə pleymeyker bacarığını nümayiş etdirən həmyerlimiz nədənsə Devid Bekhemin heyranıdır. Elə onun arzularının zirvə nöqtəsi də Devidin vaxilə çıxış etdiyi “Mançester Yunayted”di. Rus və ingilis dillərini də bilən Fərəczadə gələcək karyerasını mütləq xaricdə davam etdirmək istəyir: “Amma Avropada oynamaq üçün hələ çox çalışmalıyam. Öncə milli komandalarımıza düşməliyəm. Yığmanın oyunlarını ciddi izləyirəm. Baxa bilməyəndə də ən azı internetdən bilgi alıram. Ardıcıl zədələrdən sonra anladım ki, bu il mənə düşmədi. İndi yeni mövsümdə özümü sübut etməyə çalışacam. Mən Azərbaycanın şərəfini qorumaq istəyirəm. Gələcəkdə “Xəzər-Lənkəran”da oynamağım da mümkündü. Amma hələlik ilkin hədəfim xaricdə qalmaqdı. Burada şərait pis deyil. Bununla belə, razılaşmalıyıq ki, “Fənərbaxça”da infrastruktur daha yaxşıdı. Yığmadan vəziyyətimlə maraqlananlar olur. Oliver Pelzer tez-tez durumumu öyrənirdi. İndi yaşım Bernard Lippertin çalışdırdığı komandanın səviyyəsinə qalxıb. Onlar da diqqət göstərir. Zədə olmasaydı, yəqin yığmalara çağırılardım”.

Vaqif Cavadovun Rusiya ÇSKA-sında, İlqar Qurbanovun “Fənərbaxça”da yetişdiyini nəzərə alsaq, daha bir gələcək ulduzumuzun yetişdiyini deyə bilərik. Elə Vurğunun da böyük hədəfləri var: “Böyük klublarda oynayacaq səviyyəyə çatmaq istəyirəm. Atamın, ailəmin, ölkəmin fəxri olmaq arzusundayam. İstəyirəm ki, Arif həkimin oğlu Vurğun yox, Vurğunun atası Arif desinlər. Onu da mən etməliyəm”.

Mənbə: Ekspressfutbol
0