Berti Foqts: Futbolçular heç vaxt səhvlərini boyunlarına almırlar - MÜSAHİBƏ
09.06.2010 - 15:01
Berti Foqts: Futbolçular heç vaxt səhvlərini boyunlarına almırlar - MÜSAHİBƏ
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts AFFA-nın rəsmi internet saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, 64 yaşlı almaniyalı mütəxəssis Avstriyada keçirilən təlim-məşq toplanışı və yoxlama oyunlarını dəyərləndirib.

- Yoxlama oyunlarının əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Hər üç rəqibimiz FİFA-nın reytinq cədvəlində bizdən yüksəkdə qərarlaşıb. Fikrimcə, bu oyunlarda gənc komandamız pis nəticə göstərməyib. Yoxlama oyunlarında nəticə deyil, şans verdiyim futbolçuların özlərini necə göstərməsi vacibdir. Biz gücümüzə bələdik və hansı səviyyəyə malik olduğumuzu, nə istədiyimizi bilirik və işimizi davam etdiririk. Bu komandada irəliləyişin olacağına inanıram.

- Yığmanın heyətində ilk dəfə meydana çıxan futbolçulardan necə, razı qaldınızmı?
- Yığmanın heyətində ilk dəfə meydana çıxan futbolçulardan razı qaldım. Bizim getməli olduğumuz yeganə yol budur. Ancaq bu yolla irəliləyə, futbolu inkişaf etdirə bilərik. Üç oyunu nəzərə alsaq, şans verdiyim yeni futbolçulardan razı qaldım. Ancaq onlar çox çalışmalıdırlar. Klublarında bu futbolçulara şəraitin yaradılacağına inanıram. Onlar burada öyrəndiklərini inkişaf etdirsələr, gələcəkdə bu futbolçuların oyunundan həzz alacağıq.

- Futbolçular verdiyiniz tapşırıqları oyunlar zamanı yerinə yetirə bildilərmi?
- Təbii ki, onlardan razı qaldım. Verdiyim tapşırıqları yerinə yetirdilər. Oyunlar zamanı qol epizodları yarada bildik. Əlbəttə, 3 gündən bir oyun keçirdiyimizə görə, çox məşq keçməyə vaxt qalmır. Çünki oyunçuların dincəlməsinə də vaxt ayırmaq lazımdır. Unutmayaq ki, bizim əsas futbolçularımızdan olan Vaqif Cavadov hər 3 oyunda bizə kömək edə bilmədi. O, zədəlidir və tam sağalmayıb. Fərid Quliyev isə ikinci oyunda zədələndi və son matçda meydana çıxa bilmədi. Buna baxmayaraq, qol epizodları yarada bildik. Sadəcə, bu imkanlardan daha çox istifadə etmək üzərində çox işləməliyik.

- Oyundan sonra futbolçular buraxdıqları səhvləri etiraf edirlərmi?
- Futbolçular heç vaxt öz səhvlərini boyunlarına almırlar. Sözsüz, biz vaxt tapıb video təhlillər aparacağıq və səhvləri oyunçulara göstərəcəyik. Eyni zamanda, buraxılan səhvlərin üzərində növbəti toplanış zamanı işləyəcəyik. Çünki seçmə oyunlarda bu cür səhvlər buraxmaq olmaz. Ümid edirəm ki, verdiyim plan Peşəkar Futbol Liqasının təqvimi ilə uyğun gələcək və biz planlaşdırdığımız təlim-məşq toplanışlarını keçirə biləcəyik.

- Necə düşünürsünüz, seçmə mərhələnin oyunları üçün formalaşmış komandamızın olduğunu söyləmək mümkündürmü?
- Bəli, komandamızın artıq formalaşıb və biz sabah Almaniya yığmasına qarşı oynaya bilərik. Yeri gəlmişkən, millinin üzvləri rəqibimizin oyununu stadiondan canlı izlədilər. Onlar azarkeşlərin yığma futbolçularını necə salamlamalarının və dəstəkləmələrinin şahidi oldular.

- Növbəti toplanışa qədər millinin üzvlərinə hər hansı tapşırıqlar vermisinizmi?
- Bəzi futbolçulara bildirmişəm ki, sürət baxımından üzərlərində işləməlidirlər. İnanıram ki, klub məşqçiləri də bu işdə onlara kömək edəcəklər. Bəzi klub məşqçiləri var ki, milli komandaya kömək edirlər. Fürsətdən istifadə edib «Xəzər-Lənkəran»ın baş məşqçisi Ağasəlim Mircavadova təşəkkürümü bildirmək istəyirəm. O, məsləhətləri ilə bizə çox kömək edir, dəstək olur.

- Təşkilati işlər necə, sizi qane etdimi?
- Toplanışdan əvvəl Avstriyaya gələrək qalacağımız otelə, eləcə də məşq və oyun keçirəcəyimiz stadionlara baxmışdım. Yəni şəraitlə tanış idim. Təşkilatçılıq yüksək səviyyədə idi. Məni narazı salan yeganə məqam hava şəraiti ilə bağlı oldu. Buna baxmayaraq, hazırlıqdan razı qaldım.
0