Şəhriyar Məmmədyarova şans verilmədi
13.03.2014 - 12:47
Şəhriyar Məmmədyarova şans verilmədi

Bu gün Xantı-Mansiyskdə start götürəcək dünya şahmat tacı uğrunda iddiaçıların turnirində iştirakçıların şansları açıqlanıb. Apasport.az-ın məlumatına görə, Rusiyanın məşhur “chess-news” portalının apardığı sorğuya əsasən yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov autsayderlər sırasında yer alıb.

 

Belə ki, 1018 respondentin qatıldığı sorğuda həmyerlimizə cəmi 53 səs (5,21 faiz) verilib. Bu da Məmmədyarovun 8 iştirakçı arasında yalnız Dmitri Andreykinlə (Rusiya, 51 səs), hazırda yaxşı formada olmayan Vişvanatan Anandı (Hindistan, 22) qabaqlaması üçün kifayət edib.

 

Hazırkı dünya çempionu Maqnus Karslenə (Norveç) rəqib kimi Levon Aronyan (Ermənistan) göstərilir. Dünya reytinqində də norveçlini izləyən qrossmeyster respondentlərin 40,67 faiz (414) səsini toplayıb.

 

Sonrakı yerlərdə müvafiq olaraq, Vladimir Kramnik (Rusiya, 258), Veselin Topalov (Bolqarıstan, 99), Pyotr Svidler (Rusiya, 67) və Sergey Karyakin (Rusiya, 54) qərarlaşıb.

 

Qeyd edək ki, Məmmədyarovun ilk turda Topalovla üz-üzə gələcək. 

0