[b]Nəzərovdan sərt ittihamlar: Vanev çox savadsızdır - QALMAQAL[/b]
18.03.2014 - 14:51
[b]Nəzərovdan sərt ittihamlar: Vanev çox savadsızdır - QALMAQAL[/b]

“Dopinqdə ilişən tək Azərbaycan millisi deyil. Moldova, Gürcüstan, Ermənistan və Rumıniya idmançıları da diskvalifikasiyaya məruz qalıblar. Bu ölkələrin federasiyaları 14 gün ərzində Beynəlxalq Ağır Atletika Federasiyasına cavab verməlidirlər”. Bunu apasport.az saytına açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Vahid Nəzərov deyib.

 

5 idmançımızın dopinqdə “ilişməsi”nə münasibət bildirən Nəzərovun sözlərinə görə, federasiya rəsmiləri istifadəsi qadağan olunan dərman preparatlarını atletlərə verilməsinin səbəbini açıqlamalıdırlar: “Beynəlxalq quruma bildirilməlidir ki, bu preparatlardan niyə istifadə olunub, qərarla razıdırlar, ya yox. Əgər razı deyillərsə, ikinci – B testinin keçirilməsi xahiş edilməlidir. Bu olmasa, beynəlxalq federasiya artıq cəzaları rəsmiləşdirəcək”.

 

Nəzərov idmançılarımızın bu vəziyyətə düşməsini əcnəbi məşqçilərin adına yazıb və onları sərt ittiham edib. Onun fikrincə, idmançılarla yanaşı, həmin şəxslər də cəzalanmalıdır: “Baxın, 2001-ci ildə millimiz  Əfsət Əfsətova tapşırıldı. Onun vaxtında Nizami Paşayevlə Natiq Həsənov dopinqdə “ilişdi”. Ardınca Yanko Rusevin dövründə Zülfüqar Süleymanovla Rövşən Fətullayev həmin “oyunun” qurbanı oldular. İndi də Zlatan Vanevin vaxtında 5 idmançımız bu xoşagəlməz hadisə ilə üzləşib. Maraqlıdır ki, idmançılar cəzalarını alırlar, amma onlara bu dərmanları verənlərin heç biri məsuliyyətə cəlb olunmur. Həmçinin, federasiya dopinqdən sonra bu atletlərin hansı səbəbdən, kimin günahından dopinqə düşdüyü barədə heç bir açıqlama vermir”.

 

Nəzərov ötən illərlə müqayisədə bu dəfə problemin daha mürəkkəb olduğunu vurğulayıb: “5 idmançımızın dopinqə düşməsi Azərbaycan üçün yaxşı hal deyil. Məsələn, Türkiyə, Polşa, Qazaxıstan və Bolqarıstanda da idmançılar bu halla üzləşdilər, bütün federasiya istefaya getdi. Sonuncuları hətta Olimpiadaya belə buraxılmadılar. Yaxud, bu yaxınlarda Azərbaycan millisindən imtina edib, Qazaxıstana yollanan Nicat Rəhimovun atası mətbuata bəyan etdi ki, baş məşqçi oğluna, o cümlədən digər atletlərə istifadəsi qadağan olunan dərmanlar verir. Ancaq səlahiyyətli orqanların heç biri buna reaksiya vermədi. Bizim yeniyetmələr, gənclər bu dopinqlə zədələnirlər. Belə olmaz”.

 

Sabiq baş məşqçinin fikrincə, belə problemlərin yaranması üçün federasiya Gənclər və İdman Nazirliyi ilə birgə işləməlidir: “Nazirlikdə dopinqə qarşı şöbə var və həmin şöbəyə İradə Rüstəmzadə rəhbərlik edir. Amma həmin qadını federasiyaya buraxmırlar. Fikir verin, mənim vaxtımda niyə 1 nəfər də olsa belə dopinqdə ilişməyib? Çünki baş məşqçi işləyəndə nazirliklə birgə çalışırdıq. 2009-cu ildə komandamız Avropada 3-cü oldu, vətənə 7 medalla gəldik. Bir nəfər dopinqə düşdümü? Xeyr. Nazirlikdə baxırdılar, bu dərman qadağandır ya qadağan deyil. Ancaq federasiyada hazırda özbaşınalıqdır. Bütün yaş qrupları üzrə milliləri tək Vanevə tapşırıblar. Hansı ölkədə belə praktika var? Sən Azərbaycanın bütün uşaqlarını əcnəbiyə həvalə et və heç bir yerli mütəxəssisi də yaxın buraxma. Çünki federasiyada yüngül atletlər, həndbolçular, qeyri-mütəxəssislər çalışır”. 

 

 

Nəzərov bütün bu xoşagəlməz hadisələrdə Azərbaycana gələn əcnəbilərin ancaq pulu düşünməsinin də rol oynadığını deyib: “Onların heç birinin savadı və ya necə mütəxəssis olması yoxlanılmır. İndiki baş məşqçi Zlatan Vanev, yaxud ondan öncə çalışan Yanko Rusev yaxşı idmançı olsalar da, çox savadsız mütəxəssislərdir. Azərbaycana gəlinədək heç vaxt milli komandalarda işləməyiblər”.

 

0