“Bakı” ilk “üçlük” uğrunda mübarizə aparacaq gücdə deyil” - MÜSAHİBƏ
18.04.2014 - 12:00
 “Bakı” ilk “üçlük” uğrunda mübarizə aparacaq gücdə deyil” - MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Alim Qurbanovun apasport.az saytına müsahibəsi

 

- Hazırda nə işlə məşğulsunuz?

- Heç nə, evdəyəm, günümü keçirirəm. Görək necə olacaq...

 

- Heç bir komandadan təklif yoxdur?

- Yox, təklif yoxdur. Hələlik futboldan uzaqdayam. Amma çempionat, kubok oyunlarına baxıram. Gözləyirik, yəqin nə vaxtsa təklif olacaq.

 

- Məşqçilik kurslarına hazırlaşırsınız?

- İyunda kurslar olmalıdır. Orda B kateqoriyasını almağa çalışacağam. Yəqin ki, ondan sonra işləmək daha rahat olacaq.

 

- Dediniz ki, çempionat və kubok oyunlarına baxırsınız. Kubokun yarımfinal oyunları haqqında nə deyərdiniz? Gözlədiyiniz oldu, yoxsa əksinə?

- “Qəbələ” – “Xəzər Lənkəran” matçının nəticəsi gözlənilən olmadı. Çünki Lənkəran klubu 3:0 məğlub olacaq komanda deyildi. Həddən artıq böyük səhvlərə yol verdilər və zəif təsir bağışladılar. Müdafiədəki boşluqlar onlara baha başa gəldi.

 

- Uzun müddət formasını geyindiyiniz cənub klubunun mərhələ keçmək şansları qalır?

- Şans hər zaman var. Düzdü, 3:0 böyük hesabdır. Amma vəziyyəti dəyişmək mümkündür.

 

- Bəs, “Neftçi” – “Rəvan” cütünün qalibi kim olacaq? Autsayder sürpriz edə bilər?

- Sürpriz hər zaman olur. Düzdü, “Rəvan” ilk oyunda səfərdə 1:1 nəticə nail olub. Bu ev oyunu öncəsi yaxşı hesabdır. Amma mənə elə gəlir ki, “Neftçi” mərhələni keçəcək. Çünki autsayderə baxanda, onlar finalda oynamağa daha layiqli komandadır.

 

- Artıq Premyer Liqada çempion rəsmiləşmək üzrədir. Bəs 2-ci və 3-cü yerlərə hansı komandalar sahib olacaq?

- “Qarabağ” layiqli çempion olacaq. Onlar bu mövsüm bütün komandalardan birbaşa üstün oynayırdılar. İkinci yeri isə “İnter” tutacaq. Fikrimcə, onlar da ikinci pillədə olmağa layiqdirlər. “Neftçi” elə üçüncü yeri tutar. “Qəbələ” və “Bakı” hazırda ilk “üçlük” uğrunda mübarizə aparacaq gücdə deyillər.

 

ELSEVƏR

0