Milinko Pantiç: Sabah buna son qoymalıyıq
19.04.2014 - 13:10
Milinko Pantiç: Sabah buna son qoymalıyıq

“Çox maraqlı və çətin oyun olacaq. İkinci pillədə qərarlaşan komanda ilə dördüncü yerin üz-üzə gəlməsi başqa cür ola da bilməz”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

 

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XXXI turunda “İnter”lə oyun öncəsi fikirlərini açıqlayıb. O klubunun rəsmi saytına bildirib ki, bu dəfə heç-heçə tendensiyasına son qoyacaqlar: “İnter”lə aramızda 5 xallıq fərq var. Bu, “Bakı” üçün final görüşüdür. Final oyunları isə oynanılmır, qələbə qazanılır. “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin işini də yüksək qiymətləndirmək lazımdı. O, uzun müddətdir bir komandada çalışmaqla əsl oyun fəlsəfəsini ortaya qoyub. Cari mövsüm bu iki rəqibin görüşlərində heç-heçə tendensiya halını alıb. İnşallah, sabah qələbə qazanıb bu hala son qoymalıyıq. Əlbəttə, bizim əvvəlki görüşlərdə kifayət qədər fərqlənmək şanslarımız olsa da, çox qol vura bilməmişik. “İnter” bütün komandalar üçün çətin rəqibdir”. 

 

Pantiç Rauf Əliyevin görüşü buraxacağına üzüldüyünü deyib: “İnter”lə 1:1 başa çatan əvvəlki oyunda da Raufun xidmətindən məhrum olduq. Ancaq bu, o demək deyil ki, mən mübarizə aparmaqdan qorxub, ağlayıram. Mövsümboyu “Bakı” və “İnter” turnir cədvəlində qonşu pillələrdə olub. Finişə doğru “İnter”in 2-ci yerə yüksəlməsi məni bir o qədər narahat etmir. Komandam bu yerə gəlib çatıbsa, deməli, əziyyətləri böyükdür. Məni “Bakı”nın tutduğu mövqe yox, başqa məqamlar daha çox düşündürür. Sabah layiqli oyunla “İnter”ə daha da yaxınlaşmağa çalışacağıq”.

0