[b]“Sumqayıt”: Yaxşı ki, “Neftçi” var...[/b]
23.04.2014 - 08:20
[b]“Sumqayıt”: Yaxşı ki, “Neftçi” var...[/b]

“Sumqayıt” cari mövsümdə Topaz Premyer Liqasında ilk səfər qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, XXXI turun “Neftçi” ilə “Bakcell Arena”dakı qarşılaşmasında 3:1 hesabı ilə qalib gələn Aqil Məmmədovun yetirmələri rəqib meydanında əvvəlki 14 matçdan heç birində 3 xal əldə etməmişdi.

Bu görüşlərdə 5 heç-heçə və 9 məğlubiyyəti olan komanda 9 qol vurmuş, 29-nu buraxmışdı. Sumqayıtlılar sonuncu dəfə rəqib meydanında 2012-ci il dekabrın 16-da qalib gəlmişdi. Həmin vaxt “Rəvan”ı məğlub edən komanda 2012/13 mövsümünün sonrakı 8 səfər oyununda bu uğuru təkrarlaya bilməmişdi. 490 gün sonra rəqib meydanında sevinən sumqayıtlılar 22 matçlıq həsrətə son qoydu.

Qeyd edək ki, rəqib meydanlarında 22 qələbəsiz oyun Azərbaycan çempionatları tarixində 5-ci nəticənin təkrarıdır. MOİK 35 qələbəsiz səfərlə milli çempionatların antirekordçusudur. Neftçala “Pambıqçı”sı 29, Qusar “Şahdağ”ı 27, “Qarabağ” 24, “Turan” 22 matçlıq səfər qələbəsizliyi yaşayıb.

0