"Əziyyətimiz yerdə qalmadı" - MÜSAHİBƏ
06.05.2014 - 15:02
"Əziyyətimiz yerdə qalmadı" - MÜSAHİBƏ

“Synergy Group” Müşahidə Şurasının sədr müavini Fəxriyar Cabbarov mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə keçirilən “Shamkir Chess 2014” turniri ilə bağlı yarışın rəsmi saytına müsahibə verib. Apasport.az xəbər verir ki, Cabbarov yarışın artıq bir brend kimi digər turnirlərə misal göstəriləcəyini bildirib.

 

 

 - “Shamkir Chess 2014” turniri başa çatdı. Yekun nəticələri necə qiymətləndirirsiniz?

 - "Shamkir Chess 2014" turnirini əsl "beyin savaşı" adlandırmaq olardı. Dünyanın ən güclü şahmatçıları qələbə uğrunda  gərgin mübarizə aparırdı. Oyunçuların emosiyaları, qələbə sevinci, uduzduqlarında yaşadıqları gözlərimiz önündə idi. Ancaq mən sevinirəm ki, layiq olan qələbə qazandı. Maqnus Karlsen əbəs yerə ən zirvədə bərqərar olmadığını bir daha sübut etdi.

 

- Yarışın təşkilatçılığından hamı razı qalıb. Turnirin direktoru kimi Şəmkir şahmat turniri barədə fikrinizi bilmək istərdik. Belə yüksək səviyyəli yarışı keçirmək Təşkilat Komitəsi üçün nə dərəcədə çətin oldu?

- Vaxt azlığını nəzərə almasaq, həm Şahmat Federasiyasının dəstəyilə, həm də Vüqarın yaxınları, doğmalarının köməkliyi bu işin öhdəsindən layiqincə gələ bildik. Əminəm ki, Vüqarın xatirəsini əziz tutmaq adına gördüyümüz işlər öz bəhrəsini verdi. Azərbaycanda şahmatın daha da sevilməsinə töhfə verdi bu turnir. Bu cür ali məqsəd uğrunda çəkilən bütün əziyyətlər sonda bu cür möhtəşəm tədbiri ərsəyə gətirdi.  

 

- Maqnus Karlsen dedi ki, “Shamkir Chess 2015” keçirilsə, yenidən bu yarışda iştirak etməyə hazırdı....

- Bu səpkidə aidiyyatı qurumlarla danışıqlar davam edir. Əlbəttə, istərdik ki, Şəmkir Şahmat xəritəsinə öz adını yazsın və bu turnir davamlı olsun.

 

- “Synergy Group” olaraq Azərbaycan idmanı ilə bağlı gələcək planlarınız necədir?

- Korporativ Sosial Məsuliyyət siyasətimiz çərçivəsində “Synergy Group” Azərbaycanda velosiped idmanının inkişafına töhfə verir. Belə ki, Azərbaycanın ilk peşəkar velosiped komandası "Synergy Baku Cycling Project"in baş sponsoruyuq. Artıq ənənəyə çevrilmiş “Tour d’Azerbaidjan” veloturunu keçiririk. Şahmat sahəsi də bizə maraqlı gəldi bu turnirlə əlaqədar. Bəlkə gələcəkdə digər layihələrə də dəstək olduq. Ancaq onu əminliklə deyə bilərəm ki, "Davamlı gələcəyə doğru" şüarımıza sadiq qalmaqla biz hər bir sahədə ölkəmizin inkişafına çalışırıq.

 

- Sergey Karyakin qeyd etdi ki, nahar zamanı çox maraqlı yeməklər təklif olunur. Maraqlıdır, qidalanma necə həll olunmuşdu ki, “Shamkir Chess 2014” turnirinin iştirakçıları bundan razı qaldı?

- Düzü, şahmatçıların xüsusi pəhrizi olduğunu eşitmişdik. Bir neçə ölkənin nümayəndəsini qəbul edirdik. Ona görə də ortaq, standart menyuya üstünlük verdik. Qrupumuza daxil olan "Excelsior Hotel Shamkir" nəzdində fəaliyyət göstərən “BAKU” restoranının mahir aşbazları turnir boyunca qonaqlarımıza ləzzətli təamlar təqdim edirdilər.  

 

 - Mütəxəssislər “Shamkir Chess 2014” turnirinin təşkilatçılığını nüfuzlu Veyk-An-Zee yarışından üstün qiymətləndirib. Yəqin ki, bu xoş sözlər həm də məsuliyyəti artırır. Çünki, növbəti turnir olacağı təqdirdə yenidən hamı yüksək təşkilatçılığı gözləyəcək.

 - Bəli, düzü biz hər şeyi ən yüksək səviyyədə etməyə çalışırdıq. Ən yaxşıları nümunə götürürdük. Çox sevinirəm ki, əziyyətimiz yerdə qalmadı. Və bir neçə nüfuzlu turnir iştirakçısı olmuş şahmatçılar, jurnalistlər, məşqçilər və hakimlər gördüyümüz işi yüksək qiymətləndirdilər. Turnirin ənənəvi hal alacağı təqdirdə, əminəm ki, "Shamkir Chess 2014" artıq bir brend kimi digər turnirlərə misal göstəriləcək.

 

 - Azərbaycan şahmatçılarının çıxışını necə qiymətləndirirsiniz?

- Təbii ki, qalibin Azərbaycan şahmatçılarından olmasını istərdik. Ancaq yenə də, qələbə layiqli oyunçunu tapdı. A turnirində Teymur Rəcəbov xüsusilə. Onun yenidən belə uğurlu çıxış etməsi hamımızı fərəhləndirdi. B turnirində də gərgin mübarizə getdi. İnanıram ki, bu "Shamkir Chess 2014" onlar üçün faydalı təcrübə oldu.

 

0