Yubiley iştirakçıları: Braziliyaya “5” üçün
15.05.2014 - 13:24
Yubiley iştirakçıları: Braziliyaya “5” üçün

Braziliyada keçiriləcək dünya çempionatının startına bir aydan az qalıb. Mundial iştirakçılarının təqdimatını davam etdirən apasport.az saytı bu dəfə oxucularını İtaliya yığması ilə tanış edir. “Ölüm qrupu” sayılan D qrupunda yer alan appeninlilər Kosta-Rika, İngiltərə və Uruqvayla mübarizə aparacaq.

 

“Skuadra adzurra” kimi tanınan yığma Braziliyaya rekord dalınca gedir. Belə ki, 4 dəfə dünya çempionu adını qazanan italiyalılar “pentakampeon” olmağı, bununla da “sambaçılar”a məxsus rekordu təkrarlamaq əzmindədir. Lakin onlar bunu yeganə “pentakampeonlar”ın meydanında gerçəkləşdirməlidir. Bu da heç də asan deyil. Çünki indiyədək heç bir Avropa yığması Amerikada çempion olmayıb. “Mavilər” də əvvəlki 4 çempionluğunu (1934, 1938, 1982, 2006) “Köhnə qitə”də qazanıb. Onların hesabında okeanın o tayında uduzulan iki final (1970, 1994), həmçinin öz meydanındakı bürünc də (1990) var.

 

4 il əvvəlki mundiala isə titulunu qorumaq üçün yollanan İtaliya millisi CAR-da fiaskoya uğramışdı. Qrup mərhələsində 2 xal toplayan komanda sonuncu yerlə özünü biabır etmişdi. Bundan sonra isə Çezare Prandellinin yetirmələri 2012-ci ilin Avropa çempionatının finalına yüksəlməyi bacardı.

 

İtaliya yığması mundiala vəsiqəni erkən qazanan komandalardandır. Appeninlilər buna Avropada ən tez nail olanlardan biridir. Üstəlik 4 qat dünya çempionları seçmə mərhələdə məğlubiyyət də almadan 1-ci olub. Beynəlxalq miqyasda zəngin təcrübə, xarizmaya malik liderlər, yaxşı məşqçi, son turnirlərdəki uğurlu nəticələr, əla heyət – bütün bunlar italiyalı azarkeşlərdə nikbinlik yaradır. Fanatlar sevimlilərinin 4 il əvvəlki rüsvayçılığı unutdura biləcəyinə inanır.

 

“Skuadra adzurra”da çatışmayan isə Del Pyero, Kannavaro, Nesta, Totti kimilərin olmamasıdır. Kifayət qədərə yaxşı oyunçuya malik komandada əfsanə ola biləcək isim yoxdur. “Qoca” əfsanələr Buffonla Pirlonun isə yaşı haqda danışmağa dəyməz. Digər futbolçuların da əksəri səviyyəsi xeyli düşən a seriyasının ortabablarında çıxış edir.

 

Prandellinin sərəncamında olan ən böyük ulduzlar da bu “qoca”lardır. Onlarla yanaşı,  Daniele de Rossi, Mario Balotelli də tanınmış simalardır. Son vaxtlar baş məşqçinin heyətlə bağlı apardığı axtarışlar üzündən italiyalıların optimal “11-liy”ini müəyyənləşdirmək çətindir. Vəzən 4-3-2-1, bəzən 4-3-1-2, aradabir isə 3-5-2 sisteminə üstünlük verən mütəxəssisdən hər şey gözləmək olar. Yalnız 4 futbolçunun start heyətində yerinin təmin olunduğunu söyləmək mümkündür. Bunlar qapıçı Buffon, orta sahədə Pirlo, yarımmüdafiənin sağında de Rossi və hücumda Balotellidir. Digər mövqelərdə isə saysız-hesabsız variantlar mövcuddur.

 

Müdafiənin solunda Paskuale və de Şilyo, sağında isə Abate və Maco oynaya bilər. Mərkəzdə Bartsalyi, Bobuççi, Kyellini, Ranokkia arasında rəqabət mövcuddur. Yarımmüdafiədə Pirlo ilə de Rossiyə Akvilani, Markizio, Montolivo, Motta kimi oyunçular dəstək olmalıdır. Prandelli hücumda da geniş seçimi olacaq. Balotelli ilə yanaşı, ön xətdə Kassano, Rossi bə ya nisbətən gənclərdən biri peyda ola bilər.

 

Qeyd edək ki, İtaliya yığması iyunun 14-də İngiltərə, 19-da Kosta-Rika, 24-də Uruqvay ilə qarşılaşacaq.

0