Yubiley iştirakçıları: Bakıdan Braziliyaya
30.05.2014 - 11:23
Yubiley iştirakçıları: Bakıdan Braziliyaya

Dünya çempionatının final mərhələsinin başlamasına 13 gün qalıb. Yubiley – XX mundialın iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını H qrupunda mübarizə aparacaq Rusiya millisi ilə tanış edir. Şimal qonşularımız seçmə mərhələdə Azərbaycan yığması ilə eyni qrupda yer almışdı. Onlar mundialda Belçika, Əlcəzair, Cənubi Koreya ilə mübarizə aparacaq.

 

Rusiya millisi dünya çempionatlarında öyünə biləcək nəticə qazanmayıb. Şimallıların ən böyük uğuru final mərhələsinə yüksəlməkdir. 1994 və 2002-ci illərdə bunu bacaran qonşularımız 3-cü cəhddən qrupdan çıxmağa çalışacaq. 12 ildən sonra mundialda oynayacaq rusiyalılar CAR-dakı yarışa da vəsiqə əldə etməmişdi.

 

Fabio Kapellonun yetirmələri Braziliyaya vəsiqəni seçmə mərhələnin qrup qalibi kimi qazandı. Şimallılar Portuqaliya kimi güclü rəqibin yer aldığı qrupda uğur qazandı. Startdakı ardıcıl 4 quru qələbədən sonra üstünlük qazanan Rusiya yığması sonradan yersiz xal itkilərinə yol verdi. Şimallılar son matçda Bakıda Azərbaycan millisi ilə heç-heçə etməklə Braziliyaya vəsiqə qazandı.

 

Dünyanın ən güclü məşqçilərindən biri olan Kapello Rusiya yığmasının ən böyük üstünlüyüdür. Bir az heyəti yeniləməklə nəticə qazanmağa başlayan italiyalı işinə həvəsli olduğunu göstərir. Komandanın rəqiblərlə matçlara yüksək səviyyədə köklənməsində də baş məşqçinin rolu böyükdür. Qonşularımızın güclü komandalarla daha yaxşı oynaması isə onların köhnə adətidir.

 

Orta və aşağı səviyyəli rəqiblərlə yaxşı oynamaqda çətinlik çəkən Rusiya mundialda Əlcəzair və Cənubi Koreya ilə eyni qrupda mübarizə aparacaq. Şimallılar güclü Belçikadan daha çox bu rəqiblərdən çəkinir. Üstəlik müdafiənin mərkəzində yeniliyin olmaması da problemdir. İqnaşeviçlə Vasili Berezutskiyə neçə illərdir ki, əvəzləyici tapılmır. Mərkəz hücumçusu kimi rəqibsiz qalan Kerjakovla bağlı da eyni vəziyyətdir. Legioner sarıdan korluq çəkən qonşularımız Rusiya Premyer Liqasında çıxış edənlərin ümidinə qalıb.

 

Son vaxtlar enişdə olan Akinfeyev yığmanın əsas qapıçısı sayılır. Lakin Lodıgin də əsas heyətə düşməyə iddialıdır. Müdafiənin mərkəzində Vasili Beezutski ilə İqnaşeviç yer alır. Burada Qranat və ya başqasının peyda olması isə yalnız qeyri-adi hadisənin yaşanması halında mümkündür. Arxa xəttin solunda Kombarov, sağında isə Kozlov çıxış edir. Lakin Kapellonin sərəncamında Şennikovla Yeşenko da var.

 

Sabiq kapitanı Denisovu heyətdən sıxışdıran Qluşakov dayaq yarımmüdafiəçisi mövqeyini ələ keçirib. Mərkəz yarımmüdafiəçisi kimi isə komandanın kapitanı Şirokovla Fayzullin çıxış edir. Burada oynamağa Dzaqoyev də iddialıdır. Kapello ön xətdə Aleksandrlara güvənir. Mərkəz hücumçusu kimi Kerjakov çıxış edir. Sağ cinahdan Kokorin ona dəstək verməlidir. Solda isə azərbaycanlı futbolçu – Səmədov çıxış edir. Vaxtilə Azərbaycan millisinə də dəvət olunan soydaşımız italiyalının güvəndiyi simalardandır. O, mundiala qatılacaq azsaylı azərbaycanlılardandır.

 

Qeyd edək ki, Rusiya millisi iyunun 17-də Cənubi Koreya, 22-də Belçika, 26-da Əlcəzairlə üz-üzə gələcək.

 

0