[b]DÇ-2014: Ulduzların “Qızıl top” mübarizəsi[/b]
11.06.2014 - 10:02
[b]DÇ-2014: Ulduzların “Qızıl top” mübarizəsi[/b]

Dünya çempionatı ulduz futbolçuların özlərini bir daha sübut etməsi üçün ən uyğun turnirdir. Apasport.az saytının xəbərinə görə, 4 ildən bir keçirilən mundialda mövsümboyu klublarında özlərini yaxşı tərəfdən göstərən futbolçuların nəyə qadir olduğu ortaya çıxır.

 

Sabah Braziliyada başlayacaq DÇ-2014-də də gözlər ulduz futbolçularda olacaq. Komandaların çıxışları ilə yanaşı, oyunçuların fərdi keyfiyyətləri də diqqət mərkəzinə düşəcək. Həmçinin, özünü yaxşı tərəfdən göstərə bilən futbolçular “Qızıl top”u qazanmaq üçün şansını artıracaq.

 

Məsut Özil – 25 yaşlı türk əsilli almaniyalı pleymeyker “Arsenal”la İngiltərə çempionatında ortabab mövsüm keçirdi. Amma buna baxmayaraq, dünya çempionatında ondan çox şey gözlənilir. Almaniya millisinin mundialda uğurlu çıxış etməsi Özildən də asılıdır.

 

Tyaqo Silva – Həmişə Braziliya millisində hücum və yarımmüdafiə xəttində oynayan futbolçular diqqəti cəlb edib. Amma bu dəfə “sambaçılar” qalib olsalar, uğurda ən böyük pay sahibi məhz Tyaqo Silva olacaq. Hazırda dünyanın ən güclü mərkəz müdafiəçisi olan braziliyalı “Qızıl top”a ən real namizədlərdəndir.

 

Andres İnyesta - 2010-cu ildə İspaniyanın dünya birincisi olmasında böyük rol oynayan İnyestadan bu mövsüm də komandası çox şey gözləyir. “Barselona”nın yarımmüdafiəçisi çox qol vurmasa da, verdiyi möhtəşəm ötürmələrlə prineylilərin qollarında əsas rolu oynayır.  

 

Bastian Şvanştayger – Almaniyanın DÇ-də ən güclü xətti məhz yarımmüdafiə olacaq. Burda da Şvanştayger bir daha lider rolunu oynayacaq. “Bundestim”in əsas gücü orta xətdədir. Şvanştayger də bu mövqedə ən güclü və ən təcrübəli futbolçu olaraq özünü sübut etməlidir.

 

Eden Azard – Əgər Eden “Çelsi”da göstərdiyi oyunu Braziliyada da nümayiş etdirə bilsə, Belçika milli komandası da yaxşı çıxış edə bilər. İstedadlı cinah yarımmüdafiəçisi dünya çempionatına damğa vuracaq futbolçulardan biri olacaq.

 

Kriştianu Ronaldo – “Real”la Çempionlar Liqasını qazandıqdan sonra Ronaldo özünü bütün dünyaya sübut etmək fikrindədir. Avropada “Qızıl top”u qazanan superulduz DÇ-də də eyni uğura imza atmaq istəyir.

 

Neymar – 22 yaşlı gənc yarımmüdafiəçi “Barselona” ilə uğursuz bir mövsüm keçirsə də, hər kəs ondan Braziliyada fərqli şeylər gözləyir. 2013-cü ildə Konfederasiyalar Kubokunu qazanarkən komandası üçün çox şey edən Neymardan daha güclü oyun gözlənilir. O da “Qızıl top”u qazanmağa əsas namizədlərdən biridir.

 

Lionel Messi – 4 dəfə Avropada “Qızıl top” mükafatına layiq görülən Messi artıq milli komanda ilə uğur qazanmaq istəyir. 26 yaşlı futbolçu bu ilə “Barselona” ilə uğursuz mövsüm keçirdi. Karyerasının ən pis mövsümünü yaşayan Messi DÇ-də bunun əvəzini çıxmaq istəyir.

 

“Qızıl top”a namizədlər arasında braziliyalı Oskar, argentinalı Anhel Di Mariya və almaniyalı Toni Kroos da var. Bu futbolçular da DÇ-də öz oyunları ilə komandalarına böyük kömək edə və gözlənilməzləri bacara bilərlər.

0