Ranyeri ilk dəfə milli komandanı çalışdıracaq
26.07.2014 - 01:43
Ranyeri ilk dəfə milli komandanı çalışdıracaq

 

İtaliyalı Klaudio Ranyeri Yunanıstan yığmasının baş məşqçisi təyin edilib. Apasport.az saytının məlumatına görə, 62 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

Ranyeri bu postda Fernandu Santuşu əvəz edib. Santuşun Yunanıstan Futbol Federasiyası ilə müqaviləsi iyunun 30-da başa çatıb. Yunanlar Braziliyada keçirilən dünya çempionatında 1/8 finala kimi irəliləyiblər.

 

Ranyeri mundialda Yunanıstan yığmasının oyununu izlədiyini bildirib: “Turnir komanda üçün uğurlu oldu. Xüsusən də komandanın döyüş ruhu xoşuma gəldi. Biz bu istiqamətdə işləməkdə davam edəcəyik. Məqsədim mümkün qədər yüksək nəticə əldə etməkdir”.

 

Ranyerinin sonuncu işlədiyi yer “Monako” klubu olub. Buna qədər o, “Napoli”, “Valensiya”, “Atletiko”, “Çelsi”, “Yuventus”, “Roma” və “İnter” klubları ilə işləyib. Ranyeri karyerasında ilk dəfə hansısa ölkənin milli komandasını çalışdıracaq.

 

 

0