[b]Leroy “Tvente”yə xəbərdarlıq etdi: ...adamın ağlı başından çıxırdı[/b]
21.08.2014 - 16:12
[b]Leroy “Tvente”yə xəbərdarlıq etdi: ...adamın ağlı başından çıxırdı[/b]

“Tvente” ilə üz-üzə gəlmək xoşdu. Onlar məndən klubum haqqında informasiya almağa çalışdılar. Ancaq rəqibə çox şey deyə bilməzdim”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın hollandiyalı futbolçusu Leroy Corc deyib.

 

Corc Hollandiya mətbuatına açıqlamasında 2009-cu ildə “Tvente” və “Qarabağ”ın Avroliqanın pley-off mərhələsində çıxış etdiyi heyətdən kimlərin qalmasına aydınlıq gətirməyə çalışıb: “Tvente” və “Qarabağ” 5 il əvvəl qarşılaşıb. Həmin komandalarla müqayisədə indikilər demək olar ki, bütünlüklə dəyişilib. Fikrimcə, baş məşqçi Alfred Şroyder o vaxt da “Tvente”də işləyirdi. “Qarabağ”da isə o vaxtkı komandadan Enshededə qol vurmuş Vüqar Nadirov, Maksim Medvedev, Rəşad Sadıqov, Namiq Yusifov, Admir Teli və baş məşqçi Qurban Qurbanov qalıb”.

 

Leroy “Tvente”nin Bakıda azarkeş təzyiqi ilə üzləşəcəyini bildirib: “Azərbaycanlılar “Tvente”nin nə dərəcədə güclü olduğunu bilirlər. Ona görə də Çempionlar Liqasının təsnifat mərhələsində “Zalsburq”a yenildikdən sonra daha zəif rəqibin qarşımıza çıxacağına ümid edirdik. Biz azarkeşlərimiz önündə “Zalsburq”a 2:1 hesabı ilə qalib gəlmişdik. Bu, böyük oyun idi. Tribunalara 30 min adam toplaşmışdı. Artıq oyunöncəsi isinmə hərəkətləri edərkən adamın ağlı başından çıxırdı. “Tvente”yə yalnız bu barədə xəbərdarlıq edə bilərəm”.

 

Qeyd edək ki, Avroliqanın pley-off oyunu olan “Qarabağ” – “Tvente” matçı bu gün saat 21:00-da başlayacaq.

 

0