Rasim Ramaldanov: Onlarsız oynamaq bizə çətin olacaq
30.09.2014 - 16:44
Rasim Ramaldanov: Onlarsız oynamaq bizə çətin olacaq

Azərbaycan milli komandasının və “Xəzər Lənkəran” klubunun müdafiəçisi Rasim Ramaldanovun apasport.az saytına müsahibəsi

 

- Əvvəlcə “Qəbələ” ilə keçirdiyiniz oyun haqda danışardınız..

- Səfərdə oynadığımızdan çətin keçəcəyini bilirdik. “Qəbələ” kimi komandaya qarşı oynamaq asan deyil. Gərgin mübarizə getdi. Bizim qol vurmaq üçün epizodlarımız çox oldu. Yalnız birindən yararlana bildik. O cür şansların qarşılığında qarımızdan gözləmədiyim şəkildə qol buraxdıq. Yenə şükürlər olsun ki, axıra yaxın hesabı bərabərləşdirdik. Səfərdən heç olmasa 1 xalla döndük.

 

- “Xəzər Lənkəran” sabit çıxış etmir. Komanda ardıcıl qələbələr qazana bilmir. Qeyri-sabit oyunun səbəbi nədir?

- Hələ mövsümün əvvəlidir. Komanda üzvləri tam adaptasiya olmayıblar. Oyundan oyuna artıracağıq. Marafon qabaqdadır.

 

- Baş məşqçi Oğuz Çətin əvvəlki 5 turda sizə şans verməsə də, son 2 oyunda əsas heyətdə meydana çıxırsınız. Baş məşqçinin qərarını dəyişməsi hansı zərurətdən yarandı?

- Onunla söhbətim olmayıb. Məşq prosesində daha çox çalışdım. Özümü yaxşı tərəfdən göstərməyə çalışdım. Həm də bir-iki oyunda uduzduq. Buna görə də heyətdə dəyişiklik edildi. Şansımı gözləyirdim, hər şey qaydasındadır.

 

- 7 oyundan sonra aktivinizdə 8 xal var. Bu çempionluğa iddialı komanda üçün nə dərəcədə uğurlu göstəricidir?

- Bizim üçün yaxşı nəticə deyil. Daha çox xal torlaya bilər, ilk pillələrdə yer ala bilərdik. Bəxtsizlikdən bir neçə oyunda xallar itirdik. Bunu düzəltməliyik ki, üst sıralara qalxa bilək.

 

- Millinin oyunları ilə əlaqədar Premyer Liqada 20 günə yaxın fasilə yaranacaq. Bu uzunmüddətli fasilə “Xəzər Lənkəran”ın lehinə, yoxsa əleyhinə işləyəcək?

- Komandamıza ziyan verməyəcək. Milliyə dəvət alan oyunçular ayrılsa da, yerdə qalan futbolçular hazırlıqlarını davam etdirəcəklər. Biz də yığmanın oyunlarından sonra komandaya qoşulacağıq.

 

- Milli oktyabrın 10-da İtaliya, 3 gün sonra isə Xorvatiya ilə qarşılaşacaq. Bu oyunlarla bağlı nə düşünürsünüz?

- Həm İtaliya, həm də Xorvatiya hazırkı məqamda Avropanın ən güclülərindən hesab edilir. Səfərə vaxt itirmək üçün getməyəcəyik. Mübarizə aparacağıq, çalışacağıq ki, xal qazanaq.

 

- Artıq yığmanın heyəti açıqlanıb. Təcrübəli futbolçulardan Rəşad Sadıqov, Mahir Şükürov, Vaqif Cavadov yığmaya dəvət edilməyiblər. Onların yoxluğu millinin oyununa təsir edəcəkmi?

- Bildiyimə görə, Rəşadın zədəsi var və hazırda o bunu sağaltmaqla məşğuldur. Mahirlə Vaqifin dəvət edilməməsi də baş məşqçinin qərarıdır. Təcrübəli futbolçulardır, onlarsız oynamaq bizə çətin olacaq. Çalışacağıq ki, nəticələrimiz ürəkaçan olsun.

 

- Onlar Bolqarıstanla oyunda çoxlu səhvlərə yol verdilər. Ola bilərmi, baş məşqçi bunu nəzərə alıb, dəvət göndərməyib?

- Baş məşqçinin qərarıdır. Yenə deyirəm, Rəşad zədəlidir, ona görə dəvət edilməyib. Mahirlə Vaqif haqda isə bir söz deyə bilmərəm.

 

- Millimiz qısa vaxt ərzində səfərdə qrupun favoritlərinə qarşı mübarizə apara biləcəkmi?

- İndidən bir söz demək olmaz. Bilirəm ki, çox çətin olacaq. Çünki hər iki komandanı tanıyırıq və güclərinə bələdik. Xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.

 

- Yığmanın qarşısına qrup mərhələsini üçüncü pillədə başa vurmaq və pley-offa vəsiqə qazanmaq tapşırığı qoyulub. İlk matçda isə qazanılası oyunu uduzduq. Uğursuz start komandaya necə təsir edib?

- Həmin oyunda qələbə qazanmalı idik. Bolqarıstanla səfərdə də oyunumuz var. Digər qarşılaşmalar da bizi gözləyir. Bir oyunun üzərində dayanmaq olmaz. Xal torlamaq lazımdır. Şansımız hələ davam edir. Buna inanıram. 

0