[b]Kaue da Silva: “Neftçi” hələ çox çalışmalıdı [/b] - MÜSAHİBƏ
25.10.2014 - 23:00
[b]Kaue da Silva: “Neftçi”  hələ çox çalışmalıdı [/b] - MÜSAHİBƏ

Topaz Premyer Liqasının IX turu çərçivəsində bu gün “İnter”lə qarşılaşacaq “Neftçi” klubunun yarımmüdafiəçisi Kaue da Silvanın apasport.az saytına müsahibəsi

 

- Komandanız bu gün çempionatın lideri ilə üz-üzə gələcək. Matça hazırsınızmı?  

- Yaxşı hazırlaşmışıq. “Sumqayıt”la oyundakı səhvlərimiz üzərində işlədik. Çalışırıq ki, həmin səhvlər təkrarlanmasın. Rəqib güclü olsa da, məqsədimiz meydandan 3 xalla ayrılmaqdı.

 

- Rəqiblə bağlı informasiyanız varmı?

- Çempionatın liderinə qarşı oynayacağımızı bilirik. “İnter”in qələbə seriyası var. Güclü və keyfiyyətli futbolçulara malik komandaya qarşı oynayacağıq. Hazırlığımızı da buna uyğun həyata keçirmişik.

 

- “İnter” müdafiəyə daha çox diqqət yetirən və bu cür qarşılaşmalarda qapalı oyuna üstünlük verən komandadı. Bu amil “Neftçi”yə nə kimi problemlər yarada bilər?

- Doğma meydanımızda oynayacağıq. Çalışacağıq ki, komanda şəklində güclü və ağıllı oynayaq, bütün mövqelərdə mübarizə aparaq, bunun da nəticəsi kimi qələbə qazanaq. Rəqib müdafiədə nə qədər etibarlı oynasa da, səhvə yol verdiyi məqamlar da olacaq.

 

- Qələbə qazanacağınız təqdirdə turnir cədvəlində ən azı bir pillə irəliləyəcəksiniz. “Neftçi” bu şansı dəyərləndirməyə nə dərəcədə hazırdı?

- Son 3-4 ildə “Neftçi” hər zaman zirvədə yer alırdı. Yenidən zirvəyə yüksəlmək və özünü orada hiss etmək qəribə bir duyğu deyil. Bu, “Neftçi” üçün adi bir şeydi. Əlbəttə, çalışacağıq ki, mövqeyimizi yaxşılaşdıraq və “Neftçi”nin layiq olduğu pillədə qərarlaşaq.

 

- “Neftci” hələlik dinamik oyun göstərə bilmir. Bunu səbəbi nədir? Problemləri sadalaya bilərsinizmi?

- Komandada baş məşqçi dəyişikliyi baş verib. Bunun nəticəsi olaraq, əvvəlki ilə indiki komanda arasında müəyyən dəyişikliklər edilib. Bununla belə, əvvəlki komanda kimi oynamaq və qələbələri sıralamaq istəyirik. Bəli, Avropa Liqasında uğurlu oyunlar keçirdik və pley-offa qədər irəlilədik. Ancaq fərqli baş məşqçilərlə. İndi də başqa dövrdü. Qələbələrimizlə əvvəlki “Neftçi”nin ruhunu qaytarmaq istəyirik.

 

- 7 oyundan sonra “Neftçinin hesabında 2 məğlubiyyət və 1 heç-heçə də var. İddialı komanda üçün bu qədər xal itkisi çox deyilmi?

- Heç-heçəni “Qəbələ”  ilə oyunda əldə etmişik. Onlar da çempionluq uğrunda mübarizə aparır. Məğlubiyyətlərə gəldikdə, bu yenilgidən biri “Qarabağ”la matçda qeydə alınıb. Onlar gücü haqda danışmaq artıqdı. Son çempiondurlar. Mövsümün əvvəlindəki yenilgini isə şərh edə bilmərəm. Çünki həmin qarşılaşmada iştirak etməmişəm. Ümumi götürdükdə, hazırkı nəticəni komandamız üçün yaxşı hesab etmək olar.

 

- Birinci dövrə başa çatmaq üzrədi. Bu müddət nə ilə yadda qalacaq?

- Arxada qalan 7 tur göstərdi ki, “Neftçi”  hələ daha çox çalışmalıdı. Çünki digər rəqiblər də irəliləmək haqda düşünür. Ona görə üzərimizdə işləməliyik. Turnir cədvəlinə diqqət yetirdikdə sıxlıq görürük. “Qarabağ”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi komandalar da çoxlu maliyyə xərcləyirlər və heyətlərində keyfiyyətli futbolçular var. Hətta bəziləri yığmanın da formasını geyinirlər. Xal fərqinin az olması isə komandaların güclərinin bir-birinə yaxın olmasına gətirib çıxarır. 

0