Rəşad Sadiqov: Topu tullana-tullana qəbul edirdik - MÜSAHİBƏ
30.10.2014 - 10:43
Rəşad Sadiqov: Topu tullana-tullana qəbul edirdik  - MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov Topaz Premyer Liqasının X turu çərçivəsində səfərdə “Sumqayıt” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Hesabı açan tərəf olsanız da, 3 xalı çətinliklə əldə etdiniz...

- Çətin olacağını bilirdik. “Sumqayıt” yaxşı komandadı, sonadək mübarizə aparır. Əsas odu lazım olan qələbəni əldə etdik.

 

- Komandanız əvvəlki turlarda rəqiblərindən üstün oynasa da, qələbə qazana bilmirdi. Amma bu gün “Xəzər Lənkəran” zəif oynayıb, 3 xala sahib oldu. Bu fikirlə razısınız?

- Razıyam. Əvvəlki oyunlarla müqayisədə bu gün zəif çıxış etdik. Hər halda, güclü oynayıb uduzmaqdansa, zəif oynayıb qələbə qazanmaq daha yaxşıdı. Amma “Sumqayıt”a qarşı istədiyimiz kimi çıxış etməməyimizin əsas səbəbi meydan amili idi. Biz süni ot örtüyündə oynamağa öyrəşməmişik.

 

- Həmişə yerlə ötürmələrə üstünlük verirdiniz. Bu dəfə isə daha çox uzun ötürmələrdən istifadə etdiniz. Buna səbəb meydan amili idi?

- Bəli. Komanda yoldaşım mənə ötürmə verəndə, top düz gəlmirdi. Süni örtük pis vəziyyətdə olduğundan, topu tullana-tullana qəbul edirdik. Buna görə də məcbur idik ki, hava ötürmələrinə üstünlük verək. Məsələn, “Dalğa Arena”nın süni örtüyü ilə “Kapital Bank Arena” arasında yerlə göy qədər fərq var. Mərdəkanda oynamaq daha rahatdı.

 

- Zədəniz yeni sağalıb və bu gün 90 dəqiqə meydanda oldunuz. Amma istədiyiniz kimi çıxış etmədiniz. Demək olar ki, hələ özünüzə gəlməmisiniz?

- Hər bir futbolçu zədədən qayıdanda problemlər yaşayır. Amma mənim tam gücümlə çıxış edə bilməməyimə səbəb bayaq dediyim kimi, meydan amili idi. Yəni, zədə ilə bağlı heç bir problem yoxdu.

 

-  “Xəzər Lənkəran”ın müdafiə xəttindəki problemlər özünü bu matçda da göstərdi...

- Komandanın uğuru bütün futbolçuların adına yazıldığı kimi, uğursuzluq da hamının adına yazılmalıdı. Düşünmürəm ki, hansısa xətdə ciddi problemlər var. Sadəcə, bəzən belə şeylər olur. Hər şey qaydasına düşəcək.

 

- Qarşılaşmanı izləyənlər arasında millimizin müvəqqəti baş məşqçisi Mahmud Qurbanov da vardı. Ondan dəvət gözləyirsiniz?

- Əlbəttə. Mahmud Qurbanovdan şans gözləyəcəm. İnanıram ki, mənə güvənib milli komandaya qaytaracaq. Qarşıdakı matçda da əlimdən gələni edəcəm ki, yığmaya layiq olduğumu görsünlər.

 

Elsevər MƏMMƏDOV 

0