[b]“Neftçi” ilə oyunlarda bu kimi hallar çox yaşamışıq” [/b]- MÜSAHİBƏ
23.11.2014 - 00:02
[b]“Neftçi” ilə oyunlarda bu kimi hallar çox yaşamışıq” [/b]- MÜSAHİBƏ

Sabah Topaz Premyer Liqasının XIII turu çərçivəsində "Xəzər Lənkəran" - "Neftçi" matçı baş tutacaq. Futbol ictimaiyyətinin maraqla gözlədiyi "böyük oyun" öncəsi yaşanan hadisələr diqqətimizi çəkməyə bilməzdi. Bir sıra klublar hakimlərdən narazı qalıb. Onlardan ikisi elə "böyük oyun"un iştirakçıları - "Neftçi" ilə "Xəzər Lənkəran" idi. Lənkəran təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirovla əlaqə saxlayıb həm bu barədə, həm də komandadaxili problemlərlə bağlı söhbətləşdik.

 

- Tuyqun bəy, son turda klublar hakimlərdən narazı qalıb. Növbəti turda qarşılaşacağınız "Neftçi" isə bunu daha sərt şəkildə edib. Sizə elə gəlmir ki, bu, sizinlə oyundan öncə hesablanmış "şou"du?
- Bildiyiniz kimi, sonuncu turda bizimlə yanaşı bir neçə klub hakimlikdən narazı qaldı. "Neftçi" də həmin klublardan biri idi. Hər bir klubun hansısa tutarlı bir səbəbə görə şikayət etmək hüququ var. Klub haqlıdırsa, etirazını bildirmək haqqıdı. Biz də "İnter"lə oyunda hakim qərarlarına etirazımızı bildirdik. Səlahət Ağayevə qırmızı vərəqə verilsəydi, hər şey başqa cür ola bilərdi. Vaxt olub ki, hakimlər bizə qarşı qərəzli qərarlar veriblər. Özüm də sərt açıqlamalar vermişəm. Bu, hər bir klubun başına gələ bilər. Əsas olan odu ki, klublarla birlikdə hakimlərin səviyyəsi yüksəlsin. Hakimlərin səviyyəsi oyunların səviyyəsi ilə eyni olmalıdı. Bunun üçün addımlar atılsa, çox yaxşı olar.

 

- "Neftçi"ylə oyunda da hakim səhvlərinin təkrarlana biləcəyiylə bağlı narahatlığınız varmı?
- Hakim səhvləri istənilən oyunda ola bilər. Düzdü, "Neftçi"ylə oyunlarda bu kimi hallar çox yaşamışıq. Amma bu o demək deyil ki, indidən ancaq hakim səhvləri haqqında düşünək. Açığı, nə "Neftçi"nin, nə də "Xəzər Lənkəran"ın hakimlərin köməyinə ehtiyacı yoxdu. Bu komandalar futbolçularına güvənir. Biz futbolçuları bu cür oyunlara hazırlamalıyıq. Onlar hər şeyə öncədən hazır olmalıdı. Hər cür hadisə ola bilər.

 

- "Xəzər Lənkəran"ın hücum xətti yaxşı təsir bağışlasa da, müdafiə xəttində vəziyyət heç də yaxşı deyil. Həmçinin komanda birinci hissədə ikinciyə nisbətən daha yaxşı çıxış edir. Bunun səbəblərini araşdırmısınız?
- Son oyunda komandanın oyunu bizi də təəccübləndirdi. İkinci hissədə komandanın sərgilədiyi oyun ilk hissədəki kimi olsaydı, hər şey başqa cür olardı. Komanda hər hissədə fərqli cür futbol oynayır. Bəzən zədə və digər problemlərin üst-üstə düşməsi komandaya təsir edir lakin "Xəzər Lənkəran" daha yaxşı oynaya biləcək gücdədi.

 

- Bu barədə məşqçilər heyətilə söhbət etmisiz?
- Bəli, dünən günün birinci yarısında klubun ofisində məşqçilərlə görüş olub. Klub prezidenti Mais Mənsimov da görüşdə iştirak edib. Məşqçilərlə komandadakı problemləri müzakirə edib tələblərimizi bildirdik. Eyni zamanda onların istəklərini və problemlərini də dinlədik. Elə bu gün axşam məşqindən sonra klub prezidenti məşqçi və futbolçularla söhbətləşdi (müsahibə dünən götürülüb – red.). Tələb və iradlarını bildirdi. Zamanla hər şeyin düzələcəyinə inanırıq.

 

- Əgər komanda "Neftçi"yə məğlub olsa, Oğuz Çətin istefaya göndərilə bilər?
- Xeyr, bu barədə heç nə fikirləşmirik. Əvvəlki "Xəzər Lənkəran"ı qaytarmaq üçün stabillik yaratmaq lazımdı. Məşqçiylə yaya qədər müqaviləmiz var. Biz Çətinə güvənirik. Komandanın adına layiq oyun sərgiləməsini istəyirik. "Qarabağ"la oyunda necə hamı "Xəzər Lənkəran"ın sərgilədiyi oyundan danışırdısa, qarşıdakı matçlarda da belə olmasını istəyirik. Yaxşı oyun olanda nəticə özü gələcək. Öz oyununu sərgiləməyən, ümidləri doğrultmayan futbolçular cəzalandırıla bilər. Amma baş məşqçinin istefası haqqında heç nə düşünmürük (komanda.az).

0