[b]Elvin Yunuszadə: Azərbaycanda qalası olsam...[/b] - MÜSAHİBƏ
17.12.2014 - 16:16
[b]Elvin Yunuszadə: Azərbaycanda qalası olsam...[/b] - MÜSAHİBƏ

“Neftçi” klubunun vitse-kapitanı Elvin Yunuszadənin apasport.az saytına müsahibəsi

 

- Sabah Topaz Premyer Liqasının XVII turu çərçivəsində “İnter”lə qarşılaşacaqsınız. Bu matçın məsuliyyətini dərk edirsiz?

- Əlbəttə. “İnter”in gücünə yaxşı bələdik. Özünəməxsus oyun üslubu, güclü futbolçuları var. Xüsusi dəst-xətti olan 2-3 klubdan biridi. Turnir cədvəlindəki yerlərimiz matçın gərgin keçəcəyindən xəbər verir. “Qarabağ” da sabah Lənkəran səfərində olacaq. Bu isə o deməkdi ki, əgər “İnter”i məğlub etsək, liderliyə yüksələ bilərik. Nəyin bahasına olursa-olsun qələbə qazanıb, qış fasiləsinə yüksək əhval-ruhiyyədə yollanmaq lazımdı.

 

- Dörd oyunluq fasilədən sonra ötən turda “Sumqayıt” üzərində qələbə qazandız. Artıq tilsimi qırdığınızı demək olar?

- Razıyam, uğursuzluq zolağına düşmüşdük. Bəzi oyunları üstün keçirdiyimiz təqdirdə qələbə qazana bilmirdik. Məncə, tilsimi qırdıq. Bunu qələbə seriyasına çevirmək üçün də “İnter”i məğlub etməliyik.

 

- “Sumqayıt”la oyunda hiss olunurdu ki, “Neftçi” hələ də əvvəlki kimi çıxış edə bilmir. Bunun səbəbi nədi?

- Elə bir ciddi səbəb yoxdu. Sadəcə, futbolda istənilən komandanın uğurlu və uğursuz dövrləri olur. Yaxşı çıxış edib uduzduğun oyunlar da olur. Bu baxımdan qış fasiləsinin yaxınlaşması yaxşı oldu. Təlim-məşq toplanışında daha həvəslə hazırlıq keçib, yenidən əvvəlki formanı yığarıq.

 

- Hücumçuların formadan uzaq olmalarının nəticələrinizə nə dərəcədə təsiri olur?

- Düşünmürəm ki, hücumçularımız formada deyil. Həm Kanales, həm də Nfor güclü hücumçulardı. Sadəcə, bəxtləri gətirmir. Son matçlarda qol vəziyyətləri əldə etsələr də, top heç cür qapıdan keçmir. Bir sözlə, “qara zolağ”a düşüblər. Amma onların necə oyunçu olduqlarını hamı çox yaxşı bilir. Tezliklə bu vəziyyətdən çıxacaqlarına şübhə etmirəm. Çünki məşqlərdə və oyunlarda bunun üçün çox çalışırlar.

 

- Adınız Türkiyə klubları ilə, xüsusən də, “Akhisar”la birgə hallanır. Həqiqətən də, belə bir variant var?

- Mənim “Neftçi” ilə müqaviləm davam edir. Azərbaycanda qalası olsam, yalnız bu komandanın formasını geyinəcəm. Düzdü, təkliflər var. Amma hələlik ciddi bir şey olmadığından, konkret danışmağa ehtiyatlanıram.

 

Ruslan SADIQOV

0