[b]AFFA Elnur Allahverdiyevlə Kaxaber Sxadadzeni bağışlamadı[/b]
20.12.2014 - 16:45
[b]AFFA Elnur Allahverdiyevlə Kaxaber Sxadadzeni bağışlamadı[/b]

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda “Neftçi” (Elnur Allahverdiyevin cəzasının yüngülləşdirilməsi), “İnter” (Kaxaber Sxadadzenin cəzasının ləğv olunması), həmçinin “Araz-Naxçıvan” (Rəcəb Fərəczadənin cəzasının yüngülləşdirilməsi) və “Fənər” futzal klubları (Dmitri Komenko və Yevgeni Valenkonun cəzalarının yüngülləşdirilməsi) tərəfindən daxil olmuş müraciətlərə baxılıb.

 

Müzakirələrdən sonra “Neftçi”nin futbolçusu Elnur Allahverdiyev və “İnter” PİK-in baş məşqçisi Kaxaber Tsxadadze barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılıb.

 

“Araz-Naxçıvan” futzal komandasının futbolçusu Rəcəb Fərəczadə və “Fənər”in üzvü Dmitri Komenko barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar isə qismən dəyişdirilib. Hər 2 futzalçının intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılması, digər 2 oyunluq cəzadan 6 aylıq sınaq müddəti təyin olunmaqla azad edilməsi qərara alınıb.

 

“Fənər”in digər futzalçısı Yevgeni Valenkonun da cəzası yüngülləşdirilib. Valenkonun intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılması, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunması qərara alınıb.

 

6 aylıq sınaq müddəti ərzində hər 3 futzalçı analoji hərəkətlərə yol verəcəyi təqdirdə onlara təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə ediləcək.

0