[b]“Xəzər Lənkəran” məğlubiyyətdən qaçdı [/b]
10.01.2015 - 18:46
[b]“Xəzər Lənkəran” məğlubiyyətdən qaçdı [/b]

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün 2015-ci ilin ilk qarşılaşmasına çıxıb. Apasport.az saytının məlumatına görə, heyətinə ciddi əl gəzdirən, mövsümün qarşıdakı hissəsində gənclərə üstünlük verəcək cənub təmsilçisi Antalyada ilk yoldaşlıq görüşünü Belek bölgəsində yerləşən “Crystal Tat Beach”in meydançasında yerli komandaya qarşı keçirib.

 

İlk dəfə Elbrus Məmmədovun rəhbərliyi altında meydana çıxan “ağ-yaşıllar” son mövsümdə Türkiyənin həvəskar regional liqasının çempionu olmuş “Tekirdağspor”la üz-üzə gəliblər. Qapılara 4 qol vurulan matçda qalib müəyyənləşməyib – 2:2.

 

Belə ki, görüşə fəal başlayan “Xəzər Lənkəran” 9-cu dəqiqədə hesabı açıb. Təmsilçimiz fasiləyə öndə yollansa da, ikinci hissəyə fərqli heyətlə çıxıb və üstünlüyü əldən verib. Oyunun başa çatmasına 1 dəqiqə qalmış isə komandanın kapitanı Rahid Əmirquliyev bərabərlik qolunu vurub.

 

Beləliklə, yeni çalışdırıcının bir sıra taktiki gedişləri və gənclərı sınaqdan çıxaracağı qarşılaşmada qalib müəyyənləşməyib.

 

Qeyd edək ki, görüşü klub prezidenti Mais Mənsimovla vitse-prezident Tuyqun Nadirov da birbaşa stadiondan izləyiblər.

 

Yoxlama oyunu

10 yanvar

“Xəzər Lənkəran” - “Tekirdağspor”  - 2:2

QOLLAR: Ağabala Ramazanov, 9, Rahid Əmirquliyev 89 (p) - Tayqun Vurğun, 59 (p), Volkan Sel, 65

"Xəzər Lənkəran"ın start heyəti: Vyekoslav Tomiç, Elvin Mirzəyev, İlqar Ələkbərov, İlyas Səfərzadə, Tural Cəlilov, Alfred Sanko, Rahid Əmirquliyev, Kazım Kazımlı, Sadio Tounkara, Ağabala Ramazanov, Elşən Rzazadə.

 

Oyun başladı.

"Xəzər Lənkəran" hesabı açdı. Ramazanovun təxminən 30 m məsafədən vurduğu cərimə zərbəsindən sonra top tirə dəyərək, qapıya daxil oldu.

35-ci dəqiqədə Vyekoslav Tomiç rəqibin penalti zərbəsini dəf etdi.

Komandalar fasiləyə yollandı.

"Xəzər Lənkəran" ikinci hissəyə fərqli heyətlə başladı: Tərlan Qasımzadə, Elnur İsmayılov, Ruslan Cəfərov, Kamran Abdullazadə, Bəhruz Teymurov, Elvin Mirzəyev, Maqsum Qəmbərli, İlqar Ələkbərov, Elşən Rzazadə, Rahid Əmirquliyev, Ağabala Ramazanov.

Rəqib hesabı bərabərləşdirdi. Tayqun Vurğunun penalti zərbəsi dəqiq oldu - 1:1.

"Təkirdağspor" 6 dəqiqə sonra ikinci qolu vurdu. Volkan Sel künc zərbəsini başla qapıya göndərdi.

Matçın 89-cu dəqiqəsində "Xəzər Lənkəran" hesabda status-kvonu bərpa etdi. "Ağ-yaşıllar"ın bərabərlik qolunu Rahid Əmirquliyev penaltidən vurdu.

Oyun başa çatdı.

0