Azərbaycan kubokunun finalında “Xəzər-Lənkəran” - “İnter” görüşünü almaniyalı Manuel Qraf idarə edəcək
15.05.2008 - 11:30
Azərbaycan kubokunun finalında “Xəzər-Lənkəran” - “İnter” görüşünü almaniyalı Manuel Qraf idarə edəcək
Berlindən olan referiyə Mark Borşla Harald Sather kömək edəcək.
Xatırladaq ki, M.Borş Azərbaycana ikinci dəfə gəlir. Martın 15-də Premyer Liqa çərçivəsində keçirilən “Neftçi” - “İnter” qarşılaşmasında həmyerlisi Mark Simonnun briqadasında yer alan 31 yaşlı FİFA hakimi Branimir Subaşiçin vurduğu qolu qeydə almamışdı.
2007-ci ildən FİFA hakimi olan M.Qraf indiyədək cəmi bir rəsmi beynəlxalq matç idarə edib. 9 ay əvvəl İntertoto kubokunun 3-cü mərhələsində keçirilən “Lans” (Fransa) – “Çernomorets” (Ukrayna) matçında baş hakim kimi meydana çıxıb. Meydan sahiblərini 3:1 hesabı ilə qalib gəldiyi görüşdə 35 yaşlı almaniyalı həmyerlimiz Vitali Şevçenkonun çalışdırdığı komandanın məğlubiyyətini qeydə alıb. Final oyununun hakimi ixtisasına görə idman müəllimi olsa da, daha çox hakimlərin yetişdirilməsi ilə məşğuldur. 2000-ci ildən Berlin Hakimlər Cəmiyyətinin rəhbəri olan M.Qraf qurumdakı köməkçiləri ilə gənc ədalət təmsilçilərinə müəllimlik edir. Yeniyetmə yaşlarında “Herta” klubu ilə bağlılığı olan hakimlərin müəllimi 1990-cı ildə 17 yaşında ikən hakimliyin sirlərini öyrənməyə başlayıb. Fiziki göstəriciləri ilə seçilən (boyu 194 sm, çəkisi 81 kq) M.Qraf Almaniya çempionatlarında hakimliyə 2001-ci ildən başlayıb. İndiyədək Regionalliqada 33, 2-ci Bundesliqada 55, Almaniya kubokunda 15, Liqa kubokunda 2 qarşılaşmada baş hakim olan almaniyalı 2004-cü ildən Bundesliqaya təyinat almağa başlayıb. Burada 64 görüşə çıxan 35 yaşlı hakim cari mövsüm idarə etdiyi 17 oyunda 76 sarı və 5 qırmızı vərəqə göstərib. İdarə etdiyi oyunların sayına görə 8-ci yerdə olan M.Qraf özündən əvvəl Azərbaycana gələn həmyerlilərinin hamısını qabaqlayır. “Şalke” – “Hamburq” (1:1), “Bayer” – “Şalke” (1:0), “Verder” – “Şalke” (5:1) matçlarına təyin olunan hakimin son oyunu aprelin 27-nə təsadüf edib. “Bayer” – “Volfsburq” qarşılaşması (2:2) hələ ki, M.Qrafın Bundesliqada son oyunudur.
0