Vətən müharibəsində Azərbaycanın tarixi zəfər qazanmasında ən böyük pay sahibləri, şübhəsiz ki, torpaqlarımızın işğaldan azad olunması yolunda canlarını fəda edən şəhidlərimizdir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan igidlərinin bu müvəffəqiyyətinə idman ictimaiyyəti də biganə qalmayıb.
London-2012 Yay Paralimpiya Oyunlarının qalibi, həmçinin dördqat gümüş mükafatçısı və dünya rekordçusu Natali Rəcəbli də “Həmrəy ol, qalib ol” adlı layihə təsis edərək, idman dünyasını bir araya gətirib. 33 yaşlı paralimpiyaçının rəhbərlik etdiyi könüllü ianələr əsasında təsis olunmuş İctimai Birlik iki layihə həyata keçirir.
“Hər bir uşaq zirvələrə layiqdir” və “Şəhid övladları, əbədi olan qəhrəmanlıq dastanı” adlı layihələri həyata keçirmək məqsədilə inventar, avadanlıq alışı, məşqçi mütəxəssislərin işi üçün ödənişin maliyyələşdirilməsi, idman tədbirləri və təlimlərin təşkilini həyata keçirməkdən ötrü xərclər şəxsi vəsaitlər və könüllü ianələr əsasında olunur.
Bununla bağlı apasport.az saytına məlumat verən Rəcəbli bildirib ki, “Şəhid övladları, əbədi olan qəhrəmanlıq dastanı” layihəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qardaşlarımızın xatirəsinə dərin hörmət və ehtiramın təzahürüdür: “Təcrübəmizə və birliyimizə arxalanıb, layihənin konsepsiyasına uyğun sahələrdən olan mütəxəssisləri cəlb edərək, şəhid övladlarına hər zaman dəstək verməyə, onların gələcəkdə sosial həyatda layiqli yer tutması üçün əlimizdən gələni etməyə hazırıq”.
“Məqsəd uşaqlara sağlam həyat yolunu seçməyə kömək etməkdir”
“Şöhrət” ordenli idmançı şəhid övladlarına təmənnasız xidmət göstərmək üçün hərəkətə gəldiklərini vurğulayıb: “Dövlətimizin dəstəyi bizə zirvələri fəth etməyə kömək etdi. İndi isə biz sosial cəhətdən həssas ailələrdən olan uşaq və yeniyetmələrə dəstək verməyə çalışacağıq. Məqsədimiz Azərbaycanın gələcəyi olan uşaqlara sağlam həyat yolunu seçməyə, gələcəkdə özlərini seçəcəkləri istiqamət üzrə tapmağa kömək etməkdir. İdman və təhsil üçün şərait yaratmaq, idman tədbirləri təşkil etmək, onları sağlam həyat tərzinə yönləndirmək istəyirik. İstedadlı uşaqları həm ayrı-ayrı ailələrdə axtarışla, həm də seçmə yarışlar (estafet yarışları, müsabiqələr) keçirməklə cəlb etməyi planlaşdırırıq. Nəticədə sevdikləri idman növü ilə pulsuz məşğul ola, inkişaf edə biləcəklər”.
“Həmrəy ol, qalib ol” layihəsində Natali Rəcəbli tək deyil. Onun komandasında keçmiş cüdoçu Cəsur Rəcəbli, “Azərreyl” voleybol klubunun prezidenti, Azərbaycan Voleybol Federasiyasının İdarə Heyətinin üzvü Fərid Xəlilov, Türkiyə yığmasının şərəfini qoruyan dünya və Avropa çempionu, azərbaycanlı atlet Ramil Quliyev, Olimpiadanın gümüş və bürünc mükafatçısı, dəfələrlə dünya, həmçinin Avropa çempionluğunu qazanmış qadın güləşçi Mariya Stadnik, Azərbaycan millisinin sabiq voleybolçuları Yelena və Oksana Parxomenko bacıları, həmçinin Braziliyanın “Sesi” klubunda legioner həyatı yaşayan voleybol millimizin üzvü Polina Rəhimova kimi məşhurlar yer alırlar.
“Əl-ələ verib göstərməliyik ki, onlar tək deyillər”
Fərid Xəlilov əməkdaşımızla söhbətində layihəyə necə qoşulduğundan bəhs edib: “Bir gün sosial şəbəkə vasitəsilə Natalidən mesaj aldım. O, “Həmrəy ol, qalib ol” barədə məlumat göndərdi və təklif elədi ki, görüşüb detalları müzakirə edək. Artıq iki aydır bu layihənin üzvüyəm. Dostlarım da bu barədə eşidəndən sonra layihəyə qoşulur, kimisi maddi, kimisi isə öz işi ilə dəstək olur. Fikrimcə, bu çətin günlərdə hər kəs ölkəmizə, ordumuza və şəhid ailələrinə əlindən gələni etməlidir. Bu layihənin fərqli xüsusiyyəti ondan ibarət idi ki, onlar idmanla bağlı insanlar olduğu üçün birbaşa şəhid ailələrinə idman yönümlü kömək edirlər. Həmin ailələrdə uşaqlar öz valideyni kimi, Azərbaycan bayrağını ucaltmaq arzusu ilə yaşayır, lakin, demək olar ki, hamısı bu yolda müxtəlif problemlərlə üzləşir. Kiminin idman forması, vitaminlər, idman ləvazimatları almağa imkanı çatmır, kiminin isə elementar olaraq orta səviyyədə qidalanma imkanı yoxdur”.
Xəlilov əlavə edib ki, idman ictimaiyyəti bu yolda müxtəlif istiqamətlərdə şəhid övladlarına dəstək üçün bu layihəyə qoşulub: “Azərbaycanın ən nüfuzlu idmançıları, dünyanın hansı ölkəsində olmasına baxmayaraq, bu təşkilatçılığa dəstək olurlar. Polina Rəhimova Braziliyadan, Ramil Quliyev Türkiyədən - yardım etmək istəyi sərhəd tanımır. Mənim üçün də bu layihəyə qoşulmaq böyük fəxrdir. Hər kəsə üz tutub demək istəyirəm ki, müharibə bitir, lakin şəhid ailələrinin dəstəyə ehtiyacı qalır. Biz əl-ələ verib, qayğımızla bu insanlara göstərməliyik ki, onlar ailə üzvünü itirdiyinə baxmayaraq, tək deyillər, Azərbaycan adlı bir ailənin üzvüdürlər. Bu da o deməkdir ki, heç vaxt dəstəksiz qalmayacaqlar”.
“Bu yardım gələcəkdə uğur qazanmalarına təkan olsun”
Natali Rəcəblinin həyat yoldaşı Cəsur Rəcəbli güclü Azərbaycan naminə bu işə qol qoyduqlarını söyləyib: “Dövlət başçısının qayğısını hər zaman hiss edən bir sahənin nümayəndələri olaraq düşündük ki, biz də qalib idmançıları, həmçinin digər sahələrdən olan insanları bu işə cəlb edərək, ehtiyacı olan uşaqlara qayğı göstərək. İndiki uşaqlar bizim gələcəyimizdir. Güclü Azərbaycan naminə bu ideyanı birlik kimi təsis etmək qərarına gəldik. İstənilən birliyin məqsədi, hərəkət yolu var. Bizim birliyimiz də iki layihə əsasında qurulub. Yeganə arzumuz sağlam gələcəklə güclü Azərbaycan görməkdir. Dövlət başçımızın yürütdüyü siyasətə biz də əlimizdən gəldiyi qədər dəstək verməyə çalışırıq. Bu, hər bir Azərbaycan vətəndaşının borcudur. Hələ iyul ayında fikirləşirdik nə edək ki, Vətən uğrunda şəhid olan qardaşlarımızın ruhuna hörmətimizi göstərək, onların qəhrəmanlıqlarına öz təşəkkürümüzü bildirək”.
Keçmiş cüdoçu artıq ilk addımlarını atdıqlarını da deyib: “Xarici dil müəllimləri ilə, uşaq psixoloqları ilə, idman sahəsindəki mütəxəssislərlə razılaşaraq bu layihəni ərsəyə gətirdik. Məqsədimiz ilk növbədə şəhərdən kənarda olan şəhidlərimizin ailələrinə baş çəkmək, onlara ehtiyaclarını qarşılamaq üçün əlimizdən gəldiyi qədər köməkliyi etmək idi. Sonra isə siyahı tərtib edərək, maraqları əsasında uşaqlara köməklik göstərmək qərarına gəldik. Bu yardım gələcəkdə uğur qazanmalarına təkan olsun. Məsələn, bu yaxınlarda bölgələrimizin birində iki şəhidimizin övladının ingilis dili ilə məşğul olmasına şərait yaratdıq. Çalışırıq ki, uşaqlar bu layihədən xeyir götürsünlər”.