“Uğurumu Azərbaycan ordusuna həsr edirəm” – şuşalı idmançı
14.11.2020 - 14:30
“Uğurumu Azərbaycan ordusuna həsr edirəm” – şuşalı idmançı

“Gümüş medal qazandığıma görə çox şadam. Əlimdən gələnin maksimumunu etdim”.

Apasport.az saytının məlumatına görə, bunu Perunun təşkilatçılığı ilə ağır atletika üzrə yeniyetmələr arasında dünya kubokunda gümüş medal qazanan Azərbaycan millisinin üzvü Murad Əliyev deyib.

Tarixi uğur qazanan Əliyev yarışla bağlı təəssüratlarını bölüşüb. O, növbəti yarışda qızıl medal qazanmağa çalışacağını söyləyib: “Əminəm ki, gələn yarışlarda çempion olaraq qızıl medala sahib çıxacam. Yarışa hazırlıq çətin keçmişdi. Pandemiya səbəbindən yarışlar, uzunmüddətli hazırlıq üçün təlim-məşq toplanışları olmadığından yalnız məhdud imkanlarla, evimizin həyətində məşq edə bilirdim. Üstəlik, son iki ayda cəbhədə baş verənlər də psixoloji baxımdan hazırlaşmağa, ağır atletikaya köklənməyə mane olurdu. Ancaq məşqçilərimin əməyi sayəsində lazımi formanı yığa və saxlaya bildim”.

Şuşadan olan ağırlıqqaldıran Azərbaycan ordusunun şanlı zəfərinə sevincini də gizlətməyib: “Bugünlərdə xalqımızın qələbə sevincinə mənim də kiçik qatqım olacağına görə sevincliyəm. Mən də şuşalıyam. 28 il işğal altında olan torpaqlarımızın azad olunması hamımızı sevindirdi. Şuşada Azərbaycan bayrağının dalğalanması məni də duyğulandırmışdı. Bu uğurumu böyük qələbəmizi təmin edən Azərbaycan ordusuna həsr edirəm. Hər bir əsgərimizə təşəkkür edir, onlara minnətdarlığımı bildirirəm. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun bu qələbəsi heç vaxt unudulmayacaq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarılarımıza isə şəfa diləyirəm. Qarabağ – Azərbaycandır!”.

Qeyd edək ki, 67 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Əliyev birdən qaldırma hərəkətində 120 kq, təkanla qaldırmada isə 139 kq-ı başı üzərinə qaldırı və toplam 259 kq nəticə ilə dünya kubokunun gümüş medalına sahib çıxıb.

0
Murad Əliyev dünya kuboku ağır atletika