İradə Aşumova Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının reytinqində geriləyib
08.04.2008 - 13:15
İradə Aşumova Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının reytinqində geriləyib
Bakı. Aqşin Əliyev-APA-Sport. Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının (İSSF) növbəti reytinq cədvəli açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, 4 aylıq fasilədən sonra dərc edilən siyahıya Azərbaycanın cəmi 3 idmançısının adı daxil olunub. Özü də reytinqdə yalnız xanım atıcılarımız yer alıblar. Qeyri-müəyyən səbəbdən nə stend atıcısı Emin Cəfərov, nə də güllə atıcısı Ruslan Lunyovun adına siyahıda rast gəlmək mümkündür. Qadın stend atıcılarının reytinqində Sidney olimpiadasının qalibi Zemfira Meftahəddinova 23-cü sırada qərarlaşıb. 286 xala malik 45 yaşlı idmançı ötən cədvəllə müqayisədə 1 pillə geriləyib. Güllə atıcılarımızdan ən yaxşı göstərici Nigar Bağırovaya məxsusdur. Gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı 10 metrlik məsafədən hədəfə pnevmatik tapança ilə atəş açanların reytinqində 71 xalla 29-cudur. Başqa sözlə, 20 yaşlı idmançımız 25 pillə irəliləyib. Eyni növdə Afina Yay Olimpiya Oyunlarının bürünc medalçısı İradə Aşumova 8 sıra gerilədiyi üçün 46-cı yerlə kifayətlənib. O, 25 metrlik məsafədən hədəfə tapança ilə atəş açmada da mövqeyini itirib. Aktivində 11 xal olan İ.Aşumova 54-cü pilləyə enib. Bundan iki xal çox toplayan N.Bağırova isə 12 sıra yüksələrək, 52-ci yeri tutub.
0