Azərbaycan qılıncoynadanları Avropa çempionatında uğursuzluğa düçar olublar
08.07.2008 - 10:30
Azərbaycan qılıncoynadanları Avropa çempionatında uğursuzluğa düçar olublar
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan qılıncoynadanları Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avropa çempionatında medal qazana bilməyiblər. Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, fərdi yarışlara qatılan bütün idmançılarımız mübarizəni erkən dayandırıblar. Qadın sablyaçıların turnirində ən yaxşı nəticəni Sabina Mikina göstərib. O, ardıcıl 3 qələbədən sonra gələcək Avropa çempionu italiyalı İlariya Byankoya 9:15 hesabı ilə uduzub. Nəticədə S.Mikina 25-ci yerlə kifayətlənib. Janna Muradqızı 34-cü, Sevil Bünyatova isə 45-ci pillədə qərarlaşıb.
Bu növdə kişilərin yarışında hər üç həmyerlimiz - Ramin Əmirov, Yusif Budaqov və Namiq Ağakərimov təsnifat mərhələsini adlaya bilməyiblər. Eyni aqibətlə şpaqaçılarımız Hafiz Quliyev, Etibar Namazov, Mehrab Həsənov və Elmira Xudaverdiyeva da üzləşiblər. Bu gün komanda növündə mübarizəyə start veriləcək. Kişi sablyaçılardan ibarət yığmamız İtaliyanı sınağa çəkəcək. Xanım idmançılarımızın isə sabah Almaniya milli komandası ilə görüşəcəkləri gözlənilir. Kişi şpaqaçılarımızın rəqibləri iyulun 10-da müəyyənləşəcək.
0