Raqif Abbasov: “Uşaq-Gənclər İdman Məktəblərində idmançıların hazırlıq səviyyəsi, orta məktəblərdə idman dərslərinin səviyyəsi bizi qane etmir”
09.07.2008 - 13:24
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov deyib. Onun sözlərinə görə, idman cəmiyyətləri və Uşaq-Gənclər İdman Məktəblərində iş hələ də lazımi səviyyədə qurulmayıb. BŞGİBİ-nin rəisi bildirib ki, paytaxt rayonlarındakı idman idarələrinin texniki ləvazimatının yaxşılaşdırılması, bir qrup orta və ali, eləcə də Uşaq-Gənclər İdman məktəblərinə idman ləvazimatının göndərilməsi, futbol məktəbinin tələbələrinin təlim-məşq toplantılarının təşkilinə imkan daxilində köməklik göstərilib: “Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin 600 min manat büdcəsi var. Bu maliyyə vəsaitinin həcmi çərçivəsində, qanunvericiliklə qadağan olunmamış qaydada, aidiyyəti qurumlar və idmana meyl göstərən şirkətlər vasitəsilə, federasiyaların, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin əlavə köməkliyi nəticəsində maddi-texniki bazamızın yaxşılaşdırılması istiqamətində bir sıra işlərə nail olmuşuq”. BŞGİBİ-nin rəisi kimi bir illik fəaliyyəti haqda danışan R.Abbasovun fikrincə, bu müddətdə görülməsi nəzərdə tutulan işlərin böyük əksəriyyəti həyata keçirilib. Lakin bundan sonra görəcəkləri işlər indiyədək görülənlərdən bir neçə dəfə çoxdur: “Təbii ki, hər bir işə qiyməti rəhbər şəxslər və ictimaiyyət verir. Bu baxımdan, bir illik fəaliyyətimizin nə dərəcədə uğurlu alınıb-alınmamasını Kütləvi İnformasiya Vasitələrində gördüyümüz işlərlə bağlı yazıların sayı və keyfiyyətindən bilmək olar. Eləcə də, fəaliyyətimizi Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və digər rəhbər strukturlar qiymətləndirir. Özümüzə gəldikdə, bundan sonra görəcəyimiz işlər indiyədək gördüklərimizdən bir neçə dəfə çoxdur. Bir illik fəaliyyətimiz dövründə görülməsi nəzərdə tutulan işlərin böyük əksəriyyəti həyata keçirilib. Bununla belə, hələ bir neçə iri həcmli işlər də görülməlidir. Bir il ərzində çalışdıq ki, işə yanaşmanın yeni mexanizmini tətbiq edək. Bunlar əsasən, nizam-intizamın gücləndirilməsi, paytaxtda keçirilən yarışların keyfiyyətinin artırılması, yarışlara daha çox kütlənin cəlb olunması, qanun, fərman və sərəncamların icrası ilə bağlı olan məsələlər idi. Bizim 2008-ci il üçün təsdiq edilmiş illik təqvim-planımız var. Bu təqvim-planına baxsaq, 6 ay ərzində keçirilməsi nəzərdə tutulan yarışların, demək olar ki, hamısını icra etmişik. İstisna kimi bir neçə yarış olub ki, onlar da beynəlxalq turnirlərlə üst-üstə düşdükləri üçün vaxtlarında dəyişiklik edilib”. Kütləvi idman və bədən tərbiyəsi baxımından ənənəsi olan, lakin uzun illər keçirilməyən bir neçə yarış və tədbirləri bərpa etdiklərini deyən R.Abbasov misal kimi 27 illik fasilədən sonra Nargin adasından Milli Parkadək olan 10 km-lik məsafəyə üzgüçülük estafetinin, uzun fasilədən sonra atletika üzrə Qış Bakı Kubokunun təşkilini göstərib. O, ilin sonunadək “Babəkin qılıncı” adlı qılıncoynatma turnirinin də bərpasına nail olacaqlarını vurğulayıb. BŞGİBİ rəisi bir sıra kütləvi tədbirlərdə də fəal iştirak etdiklərini vurğulayıb: “Bildiyiniz kimi, Bakı şəhəri 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürmüşdü. Bununla bağlı təbliğat xarakterli kampaniyalar keçirildi. Biz də Milli Parkda paralimpiyaçı və veteran idmançıların iştirakı ilə ən kütləvi tədbir təşkil etdik. 5 mart – Bədən Tərbiyəsi və İdman günü ilə əlaqədar paytaxtın müxtəlif yerlərində nümunəvi çıxışlar və kütləvi idman bayramı keçirildi. Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə sazişə əsasən, müxtəlif idman növləri üzrə yarışlar təşkil etdik. Uşaq evləri və bağçalarına, orta məktəb və ali təhsil ocaqlarına idman avadanlığı və ləvazimatla yardım etdik. İdarəmizdə millət vəkilləri və icra hakimiyyəti rəhbərləri ilə görüşlər zamanı nümunəvi məhəllələrin yaradılması məsələsini qoyduq. 2012-ci il London Yay Olimpiya Oyunları ilə bağlı Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan xüsusi konsepsiyaya öz təkliflərimiz var. Bunu da federasiyalar, idman cəmiyyətləri, veteran idmançılar vasitəsilə həyata keçiririk. İdman sahəsi üzrə kütləviliyin təminatı baxımından, biz yeni aparılan bir sıra tikintilər zamanı paralimpiya hərəkatının nəzərə alınması istiqamətində təkliflərimizi irəli sürdük. Nəhayət, paytaxt çempionat və birinciliklərinin keyfiyyətinin artırılması, onların daha yaxşı zallarda keçirilməsinə çalışmışıq. General-mayor Həzi Aslanovun və 20 yanvar şəhidi Müşfiq İsayevin xatirələrinə beynəlxalq cüdo və güləş, sumo üzrə ölkəmizdə ilk beynəlxalq turnirin təşkilinə nail olduq”. Bununla belə, R.Abbasov nəzərdə tutduqları bir sıra məsələlərin həllini gözlədiyini açıqlayıb. “Hələ Xəzəryanı ölkələrin İdman Oyunlarının təşkili ilə bağlı məsələni hələ ərsəyə gətirə bilməmişik. Bu da bizdən asılı olmayan səbəblərlə əlaqədardır. 2008-ci il Olimpiya ili olduğundan, bütün ölkələrin diqqəti daha çox Pekin Olimpiadasına hazırlıqla bağlı lisenziya yarışları və turnirlərə yönəlib. Amma bu məsələyə yenə qayıdacağıq”.
- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
- Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək
- Üç idmançımız dopinqə görə cəzalandırılıb
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
0
0