Azərbaycan güləşçisi son üç ayda ikinci dəfə Avropa çempionu olmağa yaxındır
15.07.2008 - 15:07
Azərbaycan güləşçisi son üç ayda ikinci dəfə Avropa çempionu olmağa yaxındır
Belə ki, döşək üzərinə çıxan ilk və hələlik son pəhləvanımız Mariya Stadnik qitə çempionu titulunu qazanmağa yaxındır. 48 kq çəki dərəcəsində qüvvəsini sınayan yığmamızın ukraynalı legioneri bütün rəqiblərinə qalib gələrək, finala vəsiqə qazanıb. 20 yaşlı idmançı həlledici görüşü bu gün Bakı vaxtı ilə axşam saatlarında keçirəcək. Digər xanım pəhləvanlarımız Nadiya Qradyuk (51 kq) və Sona Əhmədli (59 kq) öz bacarıqlarını sabah nümayiş etdirəcəklər.
Avropa çempionatının təqviminə əsasən, iyulun 17-də yunan-Roma güləşçilərimizdən Həsən Əliyev (55 kq), Tural Hüseynov (66 kq) və Araz Həsənov (84 kq), ertəsi günü isə Xurşud Babaşov (50 kq), Kamran Məmmədov (60 kq), Rafiq Hüseynov (74 kq) və Aydın Səfərov (96 kq) çıxış edəcəklər. Sərbəst güləşçilər turnirin son iki günündə mübarizə aparacaqlar. İyulun 19-də Yaşar Əliyev (55 kq), Cəbrayıl Həsənov (66 kq) və Roman Bəkirov (84 kq), ayın 20-də isə Xanlar Şirəliyev (50 kq), Ağəli Ramazanov (60 kq), Pərviz Məmmədov (74 kq) və Səbuhi Məmmədov (96 kq) ölkəmizin şərəfini qoruyacaqlar.
Qeyd edək ki, Pekin Yay Olimpiya Oyunlarında da iştirak hüququna malik Mariya Stadnik bu ilin aprelində Finlandiyada böyüklər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.


0