Zemfira Meftahəddinova: “Pekin Olimpiadası üçün qarşıma məqsəd qoymamışam”
16.07.2008 - 16:09
O, mükafatçılar sırasına düşə bilməsə də, qitə birinciliyinin əhəmiyyətli olduğunu söyləyib: “İlk növbədə texniki cəhətdən mövcud problemləri aradan götürdüm. İndi Pekin Olimpiadasına texniki baxımdan tam hazıram. Lakin cüzi psixoloji problemlər hələ də qalmaqdadır. Düzdür, istənilən idman növündə psixoloji maneələrlə üzləşmək mümkündür. Məşqçimlə söhbət zamanı psixoloji hazırlığımı da tam qaydaya salmağa çalışıram”. Pekin Olimpiadasına ciddi hazırlaşan Z.Meftahəddinova son yarışlarda topladığı xalın narahatçılıq yaratmadığını söyləyib: “Kiprdə Avropa çempionu 99 xal yığdı. Mən isə 8 il öncə Sidney Olimpiadasında təsnifat mərhələdə 73, yekunda 98 xal toplamışdım. Qitə çempionatında cəmi 68 hədəfi dəqiq vurmağım narahatçılıq doğurmur. Axı, olimpiada texniki, psixoloji, səviyyə baxımından Avropa çempionatından çox fərqlənir. Bir sözlə, qarşıdakı mötəbər yarışda nəticəmin müsbətə doğru dəyişəcəyinə inanıram”. Pekin Yay Olimpiya Oyunlarına qatılacaq yeganə stend atıcımız qarşıya konkret məqsəd qoymadığını vurğulayıb: “Qəribə görünsə də, qarşıma məqsəd qoymamışam. Sadəcə, diqqətli və sərbəst olmalı, mümkün qədər az səhv buraxmalıyam. Hər şeyi nəticə və zaman göstərəcək”.
0
0