Azad Rəhimov: “Elə olimpiya kompleksləri var ki, oranı ot-alaq basıb”
18.07.2008 - 14:07
Azad Rəhimov: “Elə olimpiya kompleksləri var ki, oranı ot-alaq basıb”
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan gənclər və idman naziri Azad Rəhimov olimpiya komplekslərinin fəaliyyətindən narazıdır. “APA-Sport” agentliyinin məlumatına görə, A.Rəhimov ölkəmizdəki 13 olimpiya kompleksindən bəzilərində vəziyyətin ürəkaçan olmadığını bildirib: “Elə olimpiya kompleksləri var ki, oranı ot-alaq basıb. Lənkəran, Bərdə və Şamaxıda olimpiya komplekslərinin qapıları əksər hallarda bağlı olur. Bir müddət öncə Şirvan Olimpiya Kompleksində boks zalı təmir edilmişdi. Amma drenaj sistemi partladığından zal yararsız vəziyyətə düşüb”. Gəncə, Maştağa, Bakı və Şəki Olimpiya Komplekslərindən razı qalan nazir deyib ki, yaranmış problemin obyektiv səbəbi var: “İstifadədə olan olimpiya kompleksləri Gənclər və İdman Nazirliyinin balansında deyil. Əsas problem də məhz bundan qaynaqlanır”. Hazırda 23 yeni kompleksin inşa edildiyini və nazirliyin balansına keçəcəyini söyləyən A.Rəhimov bu qurğuların yaxşı fəaliyyət göstərməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıb. O, “Olimpiya komplekslərindən narazı qaldığınız halda, daha 23 belə qurğunun inşasına nə ehtiyac var?” sualına yarızarafat, yarıgerçək cavab verib: “Azad Rəhimova bir il vaxt vermək lazımdır və bu müddətdə işinin öhdəsindən gələ bilməsə onu istefaya göndərmək vacibdir”.
0