Azərbaycan sərbəst güləş yığması Pekin Olimpiadasına Qubada hazırlaşır
24.07.2008 - 14:47
Azərbaycan sərbəst güləş yığması Pekin Olimpiadasına Qubada hazırlaşır
Quba. Elşən Məmmədov - APA-Sport. Azərbaycanın sərbəst güləş üzrə milli komandası 2008-ci il Pekin Yay Olimpiya Oyunları öncəsi son təlim-məşq toplantısına başlayıb. Yığmamızın baş məşqçisi Maqomedxan Aratsilovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, Quba Olimpiya Kompleksində keçirilən toplanışa 50-dək pəhləvan cəlb olunub. Onlar Pekinə yollanacaq 7 güləşçimizlə yanaşı, iki ehtiyat komanda, dünya çempionatına hazırlaşan gənclərdən ibarət yığmamız və Rusiyanın Dağıstan, Qaraçay-Çərkəz və Şimali Osetiya respublikalarından olan idmançılardan ibarətdirlər. M.Aratsilov Olimpiya yığmamızın üzvlərinə qarşı sınaqçı-rəqib qismində Qaraçay-Çərkəz və Şimali Osetiyadan hərəyə 1, Dağıstandan isə 8 səviyyəli güləşçinin dəvət olunduğunu açıqlayıb. Dağıstanlı mütəxəssis Pekin Olimpiadasında çıxış edə bilməyəcək Olimpiya çempionumuz Namiq Abdullayevin də hazırlıq prosesinə qatıldığını söyləyib: “Namiq gənc həmkarlarına dəyərli məsləhətlərini verir, onların mənəvi-psixoloji hazırlığının daha da yüksək olması üçün əlindən gələni əsirgəmir. Fikrimcə, onun köməyi güləşçilərimizə böyük fayda verə bilər”.
Toplanış iyulun 5-dək davam edəcək. Ertəsi gün isə yığmamız Pekinə yollanacaq.
0