Xəzər İsayev: “Pekin Olimpiadasında çıxış edəcək idmançılarımızdan 6 medal gözləyirəm”
25.07.2008 - 09:39
Xəzər İsayev: “Pekin Olimpiadasında çıxış edəcək idmançılarımızdan 6 medal gözləyirəm”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev deyib. O, avqustun 8-də start götürəcək 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında daha çox güləşçilərimizin uğurlu çıxış edəcəklərinə inandığını bildirib. MOK-un Güləş Federasiyası üzərində nəzarətçisi olan X.İsayev ümumilikdə 16 sərbəst, yunan-Roma və qadın güləşçimizdən 7-nin medallara daha iddialı olduğunu söyləyib: “Güləşçilərimiz Azərbaycan bayrağı altında çıxış etdikləri son üç olimpiadada daim fərqləniblər. Bu ənənə yenə davam etməlidir. Konkret olaraq, yunan-Roma güləşçilərimizdən Olimpiya çempionu Fərid Mansurov, Rövşən Bayramov, hətta İlqar Abdulova böyük ümid bəsləyirəm. İlqar apreldə keçirilmiş Avropa çempionatında aça bilmədiyi potensialını az öncə Bakıda başa çatmış “Qızıl Qran-Pri” turnirinin final mərhələsində göstərdi. Sərbəst güləşçilərimizdən Çamsulvara Çamsulvarayev, Novruz Temrezov, Xetaq Qazyumov və Zəlimxan Hüseynovun medal qazanmaq şanslarını yüksək qiymətləndirirəm. İlk 3 pəhləvanın səviyyəsi məlumdur. Hüseynov isə olduqca yüksək səviyyədə keçirilən Rusiya çempionatının vaxtilə qalibi olub. Bu səbəbdən, Zəlimxanı da mükafatlara iddialı hesab edərdim. Qadın güləşində isə həm böyüklər, həm də gənclər arasında Avropa çempionu olmuş Mariya Stadnikin mükafatçılar sırasına düşəcəyinə ümid edirəm”. MOK rəsmisi daha 4 növdə çıxış edən idmançılarımızdan medal gözlədiyini vurğulayıb. Onun sözlərinə görə, cüdoçularımızdan Kifayət Qasımova (57 kq) və Elnur Məmmədli (73 kq), boksçularımız Samir Məmmədovla (51 kq) Şahin İmranov (57 kq), eləcə də taekvondoçumuz Rəşad Əhmədov (80 kq) və stend atıcımız Zemfira Meftahəddinovanın medallardan birinə sahib çıxmaq şansları böyükdür: “Zemfira xanım bizim üçün həmişə sürprizdir. O, 2000-ci il Sidney Olimpiadasına da güzəştli kartla qatılmışdı, Lakin qızıl medal qazandı. Pekində də Meftahəddinovadan hər an sürpriz gözləmək olar”.
Qeyd edək ki, Pekin Olimpiadasında ölkəmizin şərəfini 44 idmançı qoruyacaq.
0