Fazil Məmmədov Avropa çempionatlarında fərqlənən güləşçiləri mükafatlandırıb
25.07.2008 - 17:39
Fazil Məmmədov Avropa çempionatlarında fərqlənən güləşçiləri mükafatlandırıb
Bakı. Elşən Məmmədov – APA-Sport. Bu gün Azərbaycan Güləş Federasiyasının prezidenti, vergilər naziri Fazil Məmmədov yeniyetmə və gənclərin Avropa çempionatlarında fərqlənmiş pəhləvanlarımızı və onların məşqçilərini qəbul edib. “APA-Sport” agentliyinin məlumatına görə, F.Məmmədov 23 - 29 iyunda Latviyanın Dauqavpils, 15 – 21 iyulda isə Slovakiyanın Koşitse şəhərində keçirilmiş qitə birinciliklərində güləşçilərimizin böyük uğurlar əldə etdiyini bildirib. O, yeniyetmələrin Avropa çempionatında sərbəst və yunan-Roma güləşçilərimizin 6 qızıl, 3 gümüş, 4 bürünc, gənclərin qitə birinciliyində isə sərbəst, yunan-Roma və qadın güləşçilərimizin 3 qızıl, 2 gümüş, 6 bürünc medala sahib çıxmasından razılıq ifadə edib. Bütövlükdə idmançılarımızın çıxışlarını müsbət qiymətləndirən federasiya prezidenti güləşçilərimizin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına hazırlığı məsələlərinə də toxunub: “Pəhləvanlarımızın hazırlıq səviyyələri ümumən yaxşıdır. Əminəm ki, Pekin Olimpiadasına vəsiqə qazanmış 16 güləşçimiz uğurla çıxış edəcək”. Son illər Azərbaycan idmanının bütün sahələrində, o cümlədən güləşdə də böyük tərəqqi olduğunu diqqətə çatdıran F.Məmmədov federasiyanın maddi-texniki bazasının yeniləşdirilməsi və müasir standartlar əsasında qurulması istiqamətində böyük işlərin görüldüyünü bildirib. Görüşün sonunda o, qitə birinciliklərindən medallarla qayıdan idmançılarımızı mükafatlandırıb.
0