Pekin Olimpiadasında Azərbaycan idmançılarının cinsi mənsubiyyəti yoxlanılacaq
29.07.2008 - 10:59
Pekin Olimpiadasında Azərbaycan idmançılarının cinsi mənsubiyyəti yoxlanılacaq
Bakı – APA-Sport. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına qatılacaq idmançıların cinsi mənsubiyyəti yoxlanılacaq. “APA-Sport” agentliyinin məlumatına görə, mötəbər yarışın təşkilat komitəsi bu məqsədlə laboratoriya yaradıb. İdmançılar xüsusi testlərin köməyi ilə nəzarətdən keçiriləcəklər. Əvvəlcə ekspertlər Olimpiada iştirakçılarının xarici görkəmini baxışdan keçirəcəklər. Hər hansı şübhə yaranarsa, hormon, gen və xromosomlardan analiz götürüləcək. Pekin Tibb Kollecinin hospitalında aparılacaq yoxlamanın ilkin nəticələri üç gün, yekun cavablar isə bir həftə sonra açıqlanacaq.
Qeyd edək ki, gender testləri son bir neçə Olimpiadada da aparılıb. Amma bu yoxlamaya maraq 2006-cı il Asiya Oyunlarından sonra əhəmiyyətli dərəcədə artıb. Belə ki, hindistanlı yüngül atlet Santi Sundaracan qadın idmançılar arasında ikinci yeri tutub. Qaçışdan sonra S.Sundaracanın verdiyi dopinq-test yarışın tibbi briqadası tərəfindən şübhə ilə qarşılanıb. Ardından idmançının cinsi mənsubiyyəti yoxlanılıb və onun kişi olduğu üzə çıxıb. Nəticədə Asiya Olimpiya Komitəsi S.Sundaracanın gümüş medalını əlindən alıb. Hindistan Olimpiya Komitəsi atleti karyerasını bitirməyə məcbur edib. İdmançının özü isə intihara cəhd göstərib.
0