Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal uğrunda Ermənistan təmsilçisi ilə görüşəcək
29.07.2008 - 13:17
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal uğrunda Ermənistan təmsilçisi ilə görüşəcək
İstanbul. Elşən Məmmədov - APA-Sport. Bu gün Türkiyənin İstanbul şəhərindəki “Abdı İpəkçi” İdman Sarayında sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında dünya çempionatının startı verilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın ilk günündə mübarizəyə yunan-Roma güləşçiləri başlayıblar. 8 mümkün çəki dərəcəsinin yarısı üzrə keçirilən görüşlərə Azərbaycan pəhləvanları 1/16 final mərhələsindən qatılıblar.

50 kq çəki dərəcəsində çıxış edən Xurşud Babaşov ilk görüşünü Əzizbəy Qulamova (Özbəkistan) qarşı keçirib. Həmyerlimiz qələbə qazanaraq, 1/8 finala çıxıb. Onun növbəti rəqibi Zurab Matçaraşvili (Gürcüstan) olub. X.Babaşov bu görüşdə də qalib gəlib. Lakin o, yarımfinala vəsiqə qazana bilməyib. Belə ki, növbəti görüşündə pəhləvanımızın qarşısını Qənibəy Yolçubəyov (Qırğızıstan) kəsib. Bununla belə, Q.Yolçubəyov finaladək irəlilədiyindən, X.Babaşov bürünc medal qazanmaq şansı verən təsəlliverici görüşə qatılıb. Lakin türkiyəli Fərhad Təkinə uduzan həmyerlimiz bürünc medaldan da məhrum olub.

60 kq çəkidə yer alan Hacıxan Mustafayevin ilk rəqibi Gennadi Xaliavitski (Belarus) olub. H.Mustafayev gərgin mübarizə şəraitində keçən görüşü məğlubiyyətlə başa vurub. Lakin G.Xaliavitski finaladək irəlilədiyindən, güləşçimiz təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Bu mərhələdə o, əvvəlcə Benjamin Hoffmanı (Almaniya), sonra isə Mixal Novakı (Çexiya) yenib. H.Mustafayev bürünc medal qazanmaq üçün Ermənistan təmsilçisi Varam Xaçatryanı məğlub etməlidir.

74 kq çəkidəki təmsilçimiz Elvin Mürsəliyev əvvəlcə Çjin Hyok Kimlə (Cənubi Koreya) qarşılaşıb. Görüşü qələbə ilə başa vuran pəhləvanımız növbəti cəhddə Rajbir Çikara (Hindistan) ilə qarşılaşıb. Bu dəfə də rəqibindən üstün olan E.Mürsəliyev ¼ finala çıxıb. Yarımfinala vəsiqə uğrunda qarşılaşmada isə o, Rüstəm Sultanovu (Özbəkistan) yenib. Həmyerlimiz daha sonra Yədulla Ərəb Cəfərini (İran) də məğlub edərək, finala çıxıb. Həlledici görüşdə onun rəqibi Alxazur Özdiyev (Qazaxıstan) olacaq.

96 kq çəkidə mübarizə aparan Səməd Cəbrayılov isə Leon Nikolaosla (Yunanıstan) görüşüb. Qarşılaşmadan həmyerlimiz qalib ayrılıb. Lakin S.Cəbrayılov növbəti cəhddə Vasil İmerlişviliyə (Gürcüstan) uduzub. V.İmerlişvili finaladək irəliləyə bilmədiyindən, gülşçimiz təsəlliverici görüşlərə qatılmaq şanslarını da itirib.
0